Press "Enter" to skip to content

TDT-nin yalnız “qardaşlıq platforması” olaraq qalması kifayət etmir

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Türk Dövlətləri Təşkilatının Türküstan Zirvəsi qlobal təhlükəsizlik sisteminin sürətlə dəyişdiyi bir dövrdə ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından da tarixi əhəmiyyət daşıyır

BAYRAQDAR MEDİA – Bu bir həqiqətdir ki, Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə türk dünyasında inteqrasiyanın əsas platformalarından birinə çevrilərək siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verir. Üzv dövlətlər arasında qarşılıqlı etimadın güclənməsi, ortaq layihələrin sayının artması və regional proseslərdə koordinasiyanın genişlənməsi təşkilatın təsir imkanlarını da artırır. Xüsusilə Orta Dəhliz, enerji marşrutları, müdafiə sənayesi, rəqəmsal transformasiya və strateji kommunikasiya sahələrində həyata keçirilən təşəbbüslər türk dünyasının gələcək perspektivlərini daha da gücləndirir. Müasir geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə TDT artıq yalnız mədəni əməkdaşlıq platforması deyil, eyni zamanda Avrasiyanın strateji aktorlarından biri kimi diqqət çəkməyə başlayır. Məhz bu baxımdan mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TDT-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır. Bəs bu toplantı türk dünyasının müdafiə və təhlükəsizlik baxımından hansı yeni mesajlar və strateji qərarlarla yadda qala bilər?

Hazırda dünyada eyni anda bir neçə böhran oxu meydana çıxıb

Həmin sualı cavablandıran ürkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz öncə onu bildirib ki, Türk Dövlətləri Təşkilatının Türküstan Zirvəsi təkcə mədəni və iqtisadi əməkdaşlıq baxımından deyil, eyni zamanda qlobal təhlükəsizlik sisteminin sürətlə dəyişdiyi bir dövrdə ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından da tarixi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hazırda dünyada eyni anda bir neçə böhran oxu meydana çıxıb və Rusiya–Ukrayna müharibəsindən Yaxın Şərqdəki çoxqatlı qarşıdurmalara, enerji təhlükəsizliyi risklərindən kibertəhdidlərə qədər uzanan proseslər Avrasiyada yeni təhlükəsizlik yanaşmalarını zəruri edir.

Müasir çağırışlar TDT daxilində daha koordinasiyalı və institusional təhlükəsizlik mexanizmlərinin yaradılmasını gündəmə gətirir

Dr. Yücel Karauz qeyd edib ki, süni intellekt dəstəkli müdafiə texnologiyalarının sürətlə inkişaf etdiyi, enerji, ərzaq və logistika təhlükəsizliyinin strateji məsələyə çevrildiyi, Çin–ABŞ rəqabətinin Avrasiya coğrafiyasına təsirinin artdığı indiki mərhələdə Türk Dövlətləri Təşkilatının yalnız “qardaşlıq platforması” olaraq qalması kifayət etmir. O vurğulayıb ki, terrorizm, nizamsız miqrasiya, sərhəd təhlükəsizliyi və hibrid müharibə metodları kimi çağırışlar təşkilat daxilində daha koordinasiyalı və institusional təhlükəsizlik mexanizmlərinin yaradılmasını gündəmə gətirir.

Türkiyəli general deyib ki, yaxın perspektivdə TDT-nin NATO tipli hərbi alyansa çevrilməsi real görünməsə də, ortaq təhdid anlayışı, böhran koordinasiyası, kəşfiyyat məlumatlarının paylaşılması, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması istiqamətində yeni mexanizmlərin qurulması ehtimalı güclənir: “Türküstan Zirvəsi çərçivəsində bu istiqamətdə bir sıra təşəbbüslərin müzakirəyə çıxarılması sürpriz olmayacaq”.

Dr. Yücel Karauz bildirib ki, son illərdə türk dövlətləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib: “Xüsusilə PUA və SİHA texnologiyaları, elektron müharibə sistemləri, rabitə infrastrukturu, sursat istehsalı, hərbi logistika və ortaq təlim proqramları üzrə əməkdaşlıq artıq strateji xarakter almağa başlayıb. Baykar, ASELSAN və ROKETSAN kimi şirkətlərin yaratdığı texnoloji ekosistem türk dünyası üçün mühüm cazibə mərkəzinə çevrilib. Orta müddətli perspektivdə ortaq müdafiə sənayesi fondu, birgə Ar-Ge mərkəzləri, ortaq sursat standartları və koordinasiyalı hərbi təlim təqvimi kimi məsələlər daha konkret mərhələyə keçə bilər”.

Zirvənin mühüm mövzularından biri də türk dövlətlərinin vasitəçilik və sülh diplomatiyası sahəsində yeni rol axtarışları ola bilər

Ekspert diqqətə çatdırıb ki, Zirvənin mühüm mövzularından biri də türk dövlətlərinin vasitəçilik və sülh diplomatiyası sahəsində yeni rol axtarışları ola bilər. O bildirib ki, son dövrlərdə Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərq böhranı, Əfqanıstan və Qafqazdakı proseslər fonunda türk dövlətləri balanslaşdırıcı və vasitəçi aktor kimi çıxış etmək imkanlarını artırmağa çalışır. Bu baxımdan “Türk dünyası sülh və vasitəçilik mərkəzi”, “Türk dünyası strateji dialoq platforması” və “Münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzi” kimi təşəbbüslərlə bağlı siyasi mesajların verilməsi mümkün görünür”.

Dr. Yücel Karauzun sözlərinə görə, türk dünyası artıq enerji dəhlizləri, Orta Dəhliz, kritik xammal resursları, Xəzər keçidli ticarət marşrutları və Avrasiya logistika şəbəkələrinin mərkəzinə çevrilməkdədir: “Buna görə də Türk Dövlətləri Təşkilatı tədricən yalnız mədəni əməkdaşlıq platforması deyil, həm də geosiyasi və geoekonomik aktor kimi qəbul olunmağa başlayır. Qarşıdakı illərdə “Türk dünyası təhlükəsizlik arxitekturası”, “Ortaq müdafiə ekosistemi”, “Strateji dayanıqlılıq şəbəkəsi”, “Enerji və nəqliyyat təhlükəsizlik dəhlizi”, eləcə də “Rəqəmsal suverenlik və kiberdayanıqlılıq” kimi anlayışlar daha çox ön plana çıxacaq”.

Tarix bu gecikməni bağışlamaz

Bununla yanaşı, Dr. Y.Karauz TDT daxilində müəyyən məhdudiyyətlərin də mövcud olduğunu vurğulayıb: “Üzv ölkələrin fərqli xarici siyasət prioritetləri, Rusiya və Çinlə münasibətlərdə müxtəlif yanaşmaları, hərbi və iqtisadi potensial fərqləri, eləcə də bəzi dövlətlərin balanslaşdırılmış və neytral siyasət yürütməsi sürətli hərbi inteqrasiyanı çətinləşdirir. Xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrin çoxşaxəli xarici siyasət kursu nəzərə alındıqda, yaxın perspektivdə sərt hərbi blok modelindən daha çox çevik təhlükəsizlik əməkdaşlığı modelinin formalaşması daha real görünür”.

Sonda Dr. Yücel Karauz bildirib ki, Türküstan Zirvəsinin əsas mesajlarından biri türk dünyasının artıq yalnız ortaq tarix və mədəniyyət üzərində qurulan birlik deyil, eyni zamanda sülh, təhlükəsizlik, iqtisadi dayanıqlılıq və strateji əməkdaşlıq istehsal edən yeni Avrasiya aktoru olmaq yolunda irəlilədiyini nümayiş etdirmək olacaq. O əlavə edib ki, ortaq təhlükəsizlik baxışı, müdafiə sənayesi inteqrasiyası, böhran idarəçiliyi, sülh diplomatiyası və strateji koordinasiya mərkəzlərinin yaradılması istiqamətində addımlar gecikərsə, bunun ağır nəticələri ola bilər və tarix bu gecikməni bağışlamaz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.