Press "Enter" to skip to content

Muhammet Alper Hayali: Türk dünyası ortaq məqsədlər ətrafında birləşib

Muhammet Alper Hayali

Son yeniləmə: 17 May 2026

BAYRAQDAR MEDİA – “Bu gün türk dünyasının bir çox mühüm məsələlərində ortaq hərəkət etmə qabiliyyətinin artması məhz diplomatik əməkdaşlığın uğurlu nəticələrindən biridir”.

Bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Muhammet Alper Hayali Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışında deyib.

O, qeyd edib ki, mayın 15-də keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü türk dünyasının bölgədə nə qədər güclü birlik formalaşdırdığını və ortaq məqsədlər ətrafında birləşdiyini açıq şəkildə nümayiş etdirib: “Zirvə görüşündə verilən birlik və həmrəylik mesajları göstərdi ki, türk dövlətləri yalnız tarixi və mədəni bağlarla deyil, güclü diplomatik münasibətlər, strateji əməkdaşlıq və zərurət yarandıqda ordularının ortaya qoyduğu çəkindirici güc sayəsində də bölgənin mühüm aktorlarından birinə çevriliblər”.

Baş katibin müavini çıxıçında onu da qeyd edib ki, Sovet İttifaqının dağılmasından sonra ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin “Adriatikdən Çin səddinə qədər Türk dünyası doğulmuşdur” – fikri uzun illər potensial təhlükə kimi qiymətləndirilib və bu birliyin tam şəkildə formalaşmasına maneələr yaradılıb: “Lakin bu gün türk dövlətləri ortaq diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə potensialı və institutsional həmrəylik sayəsində birlikdə hərəkət edə bildiklərini nümayiş etdirirlər. Türk dövlətləri hər zaman bölgədə sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Eyni zamanda türk dünyası malik olduğu siyasi iradə, diplomatik imkanlar və hərbi güc vasitəsilə öz maraqlarını, müstəqilliyini və qardaş xalqların təhlükəsizliyini qorumaq qüdrətinə sahibdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.