BAYRAQDAR MEDİA – “Quba Ensiklopediyası” üzərində iş başlayıb.
Bu barədə layihənin təşəbbüs qrupunun üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 1905.az portalının direktoru, siyası elmlər üzrə fəlsəfə doktoru, əməkdar Jurnalist Fuad Babayev məlumat verib.
O, qeyd edib ki, yaradıcı heyətdə həmçinin tarix üzrə fəlsəfə doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi Laçın Mustafayev, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin dosenti Aqil Şahmuradov və yazıçı Rövşən Yerfi də yer alıblar.
F.Babayev AVCİYA prezidenti Elxan Süleymanovun ideya müəllifi və naşiri olduğu 2 ensiklopediyanın, 2015-ci ildə işıq üzü görmüş “Şamaxı Ensiklopediyası”nın və 2023-cü ildə nəşr edilmiş “Göyçay Ensiklopediyası”nın yaradıcı heyətlərində təmsil olunduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, yeni ensiklopediyanın sözlüyü üzərində artıq iş başlanıb: “Qubanın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edəcək ensiklopediyada diqqət bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətinə, yaradıcılığına da yönəldiləcək”.
F.Babayev deyib ki, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələrin yer alacağı “Quba Ensiklopediyası” ilkin mərhələdə elektron formatda təqdim ediləcək.
F.Babayev layihənin gerçəkləşməsində bölgə ziyalılarının yaxından iştirak edəcəklərinə inandiqlarını bildirib.
Ensiklopediyanın Təşəbbüs Qrupu ilə əlaqə saxlamaq üçün qubaensiklopediyasi@gmail.com ünvanından istifadə etmək olar.






İlk şərhi yaza bilərsiniz