Dr. Yücel Karauz: Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının NATO sərhədlərini keçməsi təsadüfi və ya texniki səhv kimi qiymətləndirilməməlidir
BAYRAQDAR MEDİA – Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dördüncü ilinə yaxınlaşdığı bir vaxtda qarşıdurma getdikcə daha təhlükəli mərhələyə daxil olur. Son aylarda cəbhə xəttində və hava məkanında müşahidə olunan hadisələr göstərir ki, müharibənin təsirləri artıq yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır. Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının və raketlərin NATO üzvü olan ölkələrin hava məkanında qeydə alınması beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.
Xüsusilə Polşa və Rumıniya ərazisində baş verən son insidentlər Qərb mediasında və ekspert dairələrində NATO ilə Rusiya arasında mümkün qarşıdurma ehtimalı ilə bağlı müzakirələrin intensivləşməsinə səbəb olub. Analitiklər hesab edirlər ki, hər hansı bir yanlış hesablama və ya nəzarətdən çıxan hadisə regional böhranı daha genişmiqyaslı təhlükəsizlik probleminə çevirə bilər.
Bəs NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma ehtimalı nə qədər realdır? Mövcud vəziyyət hansı riskləri özündə ehtiva edir və tərəflər bu gərginliyin daha da dərinləşməsinin qarşısını ala biləcəklərmi?
Ukrayna müharibəsinin regional təhlükəsizlik baxımından yeni mərhələyə daxil olub
Məsələni BAYRAQDAR MEDİA üçün şərh edən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauzun sözlərinə görə, son dövrlərdə NATO sərhədlərində müşahidə olunan hadisələr Ukrayna müharibəsinin regional təhlükəsizlik baxımından yeni mərhələyə daxil olduğunu göstərir.
Onun sözlərinə görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının NATO sərhədlərini keçməsi təsadüfi və ya texniki səhv kimi qiymətləndirilməməlidir. Xüsusilə Belarus istiqamətindən Polşa hava məkanına daxil olan kamikadze dron sürüləri sadəcə sərhəd pozuntusu deyil: “Polşa istiqamətində müşahidə olunan hadisələr göstərir ki, burada məqsəd yalnız Ukraynadakı hədəflərə zərbə endirmək deyil. Bu cür fəaliyyətlər NATO-nun erkən xəbərdarlıq sistemlərinin, radar şəbəkəsinin, hava hücumundan müdafiə imkanlarının və müttəfiqlər arasında koordinasiyanın sınaqdan keçirilməsi məqsədi daşıya bilər. Bu baxımdan Polşa rəhbərliyinin hadisəni sadə istiqamət səhvi deyil, məqsədli addım kimi qiymətləndirməsi təsadüfi deyil”.
Vəziyyət xüsusilə Rumıniya istiqamətində daha həssas xarakter alır
Hərbi ekspert qeyd edib ki, vəziyyət xüsusilə Rumıniya istiqamətində daha həssas xarakter alır. Onun sözlərinə görə, Rusiyanın Ukraynanın Odessa və İzmail limanlarına qarşı həyata keçirdiyi hücumlar zamanı pilotsuz aparatların Rumıniya hava məkanına daxil olması artıq mütəmadi hal alıb: “Əvvəllər bu hadisələr daha çox qalıqların və ya vurulmuş aparatların boş ərazilərə düşməsi kimi qiymətləndirilirdi. Lakin son dövrdə Rumıniyanın Qalats bölgəsində pilotsuz aparatın yaşayış binasına düşməsi və mülki şəxslərin zərər görməsi vəziyyətin xarakterini dəyişib. Bu artıq birbaşa təhlükəsizlik problemidir və NATO ölkələrinin narahatlığını artıran əsas amillərdən biridir”.
NATO-nun 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələrin aparılmasını gündəmə gəlib
Dr. Yücel Karauzun fikrincə, baş verən hadisələrin ən mühüm nəticələrindən biri NATO daxilində təhlükəsizlik müzakirələrinin daha da intensivləşməsidir: “Polşa yaşanan hadisələrdən sonra NATO-nun 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr aparılmasını gündəmə gətirib. Bu addım göstərir ki, alyans məsələyə kifayət qədər ciddi yanaşır. NATO ölkələri artıq şərq cinahında hava müdafiəsini gücləndirir, əlavə döyüş təyyarələri və müdafiə sistemləri yerləşdirirlər. Fransa, Almaniya və digər müttəfiq dövlətlərin bölgədə hərbi iştirakını artırması da bunun göstəricisidir. Hazırda sərhədlərə yaxınlaşan pilotsuz aparatlarla bağlı daha sərt müdaxilə qaydaları tətbiq olunur”.
Türkiyəli general hesab edir ki, Rusiyanın əsas məqsədlərindən biri NATO-nun kollektiv reaksiya qabiliyyətini və müttəfiqlərin həmrəylik səviyyəsini yoxlamaqdır: “Bu cür hadisələr vasitəsilə Moskva NATO daxilindəki qərarvermə mexanizmlərinin necə işlədiyini, reaksiyanın nə qədər sürətli olduğunu və üzv dövlətlərin vahid mövqe nümayiş etdirib-etdirmədiyini müşahidə etməyə çalışır. Bu, klassik hərbi əməliyyatdan daha çox siyasi və strateji təzyiq elementidir”.
Dr. Yücel Karauz NATO ilə Rusiya arasında yaxın dövrdə birbaşa müharibənin baş verməsi ehtimalını yüksək qiymətləndirmədiyini də vurğulayıb.
“Hazırkı şəraitdə nə NATO, nə də Rusiya genişmiqyaslı qarşıdurmada maraqlıdır. NATO-nun 5-ci maddəsinin işə düşməsi üçün üzv ölkələrdən birinə qarşı açıq silahlı hücumun baş verməsi lazımdır. Hazırda isə həm Vaşinqton, həm də alyans rəhbərliyi baş verənləri daha çox sərhəddən kənara çıxan hücumların nəticəsi və eyni zamanda NATO-nun reaksiyasını yoxlamaq cəhdləri kimi qiymətləndirir. Buna görə də tərəflər vəziyyətin nəzarətdən çıxmaması üçün maksimum təmkin nümayiş etdirirlər”, – deyə ekspert bildirib.
Ən kiçik səhv belə sürətlə böyüyən böhrana çevrilə bilər
Bununla belə, hərbi ekspert əsas təhlükənin planlaşdırılmış müharibədən deyil, yanlış hesablama və ya qəza nəticəsində yarana biləcəyini qeyd edib: “Əgər hər hansı pilotsuz aparat və ya raket NATO ölkəsində yerləşən mühüm hərbi obyektə və ya böyük yaşayış məntəqəsinə düşərsə və ciddi insan itkisi baş verərsə, həmin vaxt vəziyyət tamamilə fərqli məcraya yönələ bilər. Eyni zamanda sərhəd bölgələrində NATO və Rusiya hərbi təyyarələrinin qarşı-qarşıya gəlməsi zamanı baş verə biləcək ən kiçik səhv belə sürətlə böyüyən böhrana çevrilə bilər. Məhz buna görə hazırda ən böyük risk qəsdən hücum deyil, yanlış hesablama ehtimalıdır”.
Ekspert hesab edir ki, yaxın perspektivdə tərəflərin əsas diqqəti hərbi qarşıdurmanın qarşısını almağa və sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirməyə yönələcək. Bu səbəbdən diplomatik təmasların, hava müdafiə sistemlərinin gücləndirilməsinin və pilotsuz aparatlara qarşı müdaxilə əməliyyatlarının davam edəcəyi gözlənilir.






İlk şərhi yaza bilərsiniz