Press "Enter" to skip to content

BDU-dan süni intellekt üzrə mütəxəssis hazırlığı

BDU-dan süni intellekt üzrə mütəxəssis hazırlığı

BAYRAQDAR MEDİA – 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura səviyyəsində “Kompüter elmləri” ixtisası üzrə “Süni intellekt” istisaslaşması açılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “müasir dövrdə süni intellekt texnologiyaları dünya iqtisadiyyatının, elminin və cəmiyyətinin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Rəqəmsal transformasiya proseslərinin sürətlənməsi, böyük həcmli məlumatların emalı, avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin tətbiqi və ağıllı texnologiyaların geniş yayılması süni intellekt sahəsində yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan BDU-da “Süni intellekt” ixtisaslaşmasının açılması həm elmi, həm də sosial-iqtisadi baxımdan olduqca aktualdır”.

Ardınca xəbərdə, “süni intellekt hazırda səhiyyə, təhsil, maliyyə, sənaye, nəqliyyat, kənd təsərrüfatı, təhlükəsizlik və digər strateji sahələrdə geniş tətbiq olunur. Müxtəlif dövlət və özəl qurumlar fəaliyyətlərinin səmərəliliyini artırmaq üçün süni intellekt əsaslı həllərdən istifadə etməyə üstünlük verirlər. Bu tendensiya ölkəmizdə də müşahidə olunur və gələcək illərdə süni intellekt üzrə peşəkar kadr ehtiyacının daha da artacağı proqnozlaşdırılır. Belə bir şəraitdə universitetlərin əsas vəzifələrindən biri əmək bazarının tələblərinə cavab verən müasir bilik və bacarıqlara malik mütəxəssislər hazırlamaqdır. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi süni intellekt istiqamətində magistr hazırlığının həyata keçirilməsi üçün güclü elmi-metodiki bazaya malikdir. Süni intellekt sahəsinin əsasını təşkil edən riyazi modelləşdirmə, optimallaşdırma üsulları, ehtimal nəzəriyyəsi, statistik analiz, alqoritmlər nəzəriyyəsi, proqramlaşdırma və informasiya texnologiyaları fakültənin tədris və tədqiqat istiqamətləri ilə sıx bağlıdır. “Süni intellekt” ixtisaslaşmasının açılması fakültənin mövcud potensialından daha səmərəli istifadə edilməsinə və yeni elmi istiqamətlərin inkişafına şərait yaradacaq” deyə qeyd olunur.

Xəbərdə eləcə də deyilir ki, “süni intellekt üzrə magistr hazırlığı ölkədə innovasiya ekosisteminin gücləndirilməsinə, elmi tədqiqatların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasına və universitet–sənaye əməkdaşlığının genişlənməsinə xidmət edəcək. Magistrantlar maşın təlimi, dərin öyrənmə, kompüter görməsi, təbii dilin emalı, məlumatların intellektual analizi və digər müasir istiqamətlər üzrə bilik və bacarıqlar əldə etməklə həm akademik fəaliyyətə, həm də əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiya oluna biləcəklər. Nəticə etibarilə, BDU-da “Süni intellekt” ixtisaslaşmasının açılması dövrün tələblərinə cavab verən strateji əhəmiyyətli addımdır. Bu ixtisaslaşma yüksək ixtisaslı kadrların hazırlanmasına, ölkənin rəqəmsal inkişaf strategiyasının həyata keçirilməsinə, elmi-tədqiqat potensialının gücləndirilməsinə və Azərbaycanın qlobal texnoloji inkişaf proseslərində daha fəal iştirakına mühüm töhfə verəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.