BAYRADQAR MEDİA – İyunun 26-da Budapeştdə fəaliyyət göstərən Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisi açılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Xalça Muzeyinin (AMXM) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sərgi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Etnoqrafiya Muzeyi, AMXM, qlobal ART domen reyestrinin təşkilatçılığı ilə keçirilir. Ekspozisiyada XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdiriləcək. Ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olacaqlar. Sərgidə xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam Çingiz Babayevin müasir bədii axtarışlarını əks etdirən əsəri təqdim olunacaq. Bundan əlavə, multidissiplinar rəssam Mədinənin material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığına xüsusi yer ayrılacaq”.
Daha sonra xəbərdə, “sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri və immersiv sərgi dizaynı ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır. Monumental xalçalar, müasir rəngkarlıq əsərləri və rəqəmsal instalyasiyalar keçmişlə bu gün arasında canlı dialoq yaradır. Azərbaycan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin və mühüm mədəni irsimiz haqqında dolğun və yaddaqalan təəssürat formalaşdıracaq” deyə bildirilir.
Qeyd edək ki, sərgi iyulun 26-dək davam edəcək.






İlk şərhi yaza bilərsiniz