Press "Enter" to skip to content

Vüqar İskəndərov: Bakı forumu türkmanlar üçün mühüm platformaya çevrilib

Vüqar İskəndərov

BAYRAQDAR MEDİA – “Bu gün türk dünyası yeni mərhələyə qədəm qoyub. Əslində, bu mərhələnin əsası altı il əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra qoyulub. Təsadüfi deyil ki, məhz bu zəfərdən sonra növbəti il imzalanan Şuşa Bəyannaməsi təkcə Türkiyə-Azərbaycan qardaşlığını strateji müttəfiqlik səviyyəsinə qaldırmadı, eyni zamanda bir neçə aydan sonra Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi üçün təkan rolunu oynadı”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi türk dünyasının qlobal məkanda aparıcı dövlətlərdən birinə çevrilməsi istiqamətində mühüm addımlardan biri olub.

Vüqar İskəndərovun sözlərinə görə, türk dünyasının apardığı təşkilati proseslərdə, xüsusilə Türk Dövlətləri Təşkilatının güclənməsində Türkiyə-Azərbaycan qardaşlığı öz sözünü deyib: “Ötən müddət ərzində əldə edilən uğurlar göstərir ki, bu istiqamətdə atılan addımlar öz nəticəsini verir”.

V.İskəndərov bildirib ki, Azərbaycan təkcə Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən proseslərdə fəallıq göstərmir, eyni zamanda dünyanın müxtəlif bölgələrində yaşayan türklərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, onların irsinin qorunması istiqamətində də ardıcıl addımlar atır: “Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forumu da bu siyasətin növbəti göstəricisidir. Həmin Forum yalnız türkman irsinin öyrənilməsi baxımından deyil, eyni zamanda dünyanın müxtəlif nöqtələrində yaşayan türkmanların öz ədəbi, dil və fikir birliyini ifadə etməsi üçün mühüm platformaya çevrilməsi baxımından əhəmiyyətlidir. Bir sözlə, deyə bilərik ki, Bakı forumu türkmanlar üçün mühüm platformaya çevrilib”.

Deputat əlavə edib ki, bu cür tədbirlər bir tərəfdən Azərbaycanın türk dünyasına bağlılığını nümayiş etdirirsə, digər tərəfdən Azərbaycan Respublikasının türkmanların yaşadığı müxtəlif ölkələrlə, o cümlədən Suriya, İraq, Livan və Türkiyə ilə dövlət səviyyəsində əlaqələrinin yüksək səviyyədə davam etdiyini göstərir.
Qeyd edilib ki, forum çərçivəsində səsləndirilən fikirlər də Azərbaycanın həmin dövlətlərlə əməkdaşlığının əhəmiyyətini bir daha ortaya qoyub.

Vüqar İskəndərov sonda əlavə edib ki, bu cür tədbirlər və forumlar həmçinin Azərbaycanın QHT sektorunun günün çağırışlarına cavab verdiyini bir daha ortaya qoyur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.