BAYRAQDAR MEDİA – “İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması ciddi siyasi səhv və tarixin saxtalaşdırılmasına yönəlmiş növbəti uğursuz cəhddir. Bu, təkcə Türkiyəyə qarşı qərəzdən irəli gələn addım deyil, eyni zamanda bütün türk dünyasına qarşı yönəlmiş düşmənçilik nümunəsidir”.
Bu fikirləri politoloq Əli Orucov səsləndirib.
O bildirib ki, bir tərəfdən türk dünyası ilə əməkdaşlığı inkişaf etdirməyə çalışan Təl-Əvivin, digər tərəfdən isə qondarma “erməni soyqırımı”nı tanıması bir-biri ilə uzlaşmayan addımdır və bu qərar ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.
“Bu addım, xüsusilə də Azərbaycan ilə İsrail arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərini ciddi sınaq qarşısında qoya bilər. Eyni zamanda, İsrailin Azərbaycandakı dostlarının haqlı narazılığına səbəb olacaq. Netanyahu hökuməti, sanki, hər vasitə ilə ölkəsinin beynəlxalq təcridini daha da dərinləşdirməyə, dostlarını isə rəqib və düşmənə çevirməyə çalışır. Hesab edirəm ki, İsrail cəmiyyəti hakimiyyətin düşünülməmiş və uzaqgörənlikdən uzaq siyasətinə qarşı daha fəal mövqe nümayiş etdirməli, türk dünyası ilə münasibətlərə zərbə vuran belə qərarların qarşısının alınmasına çalışmalıdır. Çünki hökumətlər müvəqqətidir, dostluq və qardaşlıq isə əbədidir”, – deyə politoloq vurğulayıb.
Əli Orucov qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə “erməni soyqırımı” məsələsinə əvvəlki yanaşmadan uzaqlaşdığı bir vaxtda, İsrailin bu saxta iddianı tanıması məntiqsiz və ziddiyyətli addımdır.
“Netanyahu bütün Yaxın Şərqi qan gölünə çevirib. Livanda, Fələstində, Suriyada, İraqda və İranda minlərlə günahsız insanın həyatını itirməsinə səbəb olan siyasətin müəllifi olan bir dövlətin qondarma “erməni soyqırımı”nı tanıması tarixin acı istehzası və görünməmiş ədalətsizlikdir”, – deyə o əlavə edib.






İlk şərhi yaza bilərsiniz