BAYRAQDAR MEDİA – “İran daxilindəki fars şovinist dairələri və mühafizəkar qanad fürsət düşdükcə Azərbaycana qarşı düşmən münasibətini açıq şəkildə nümayiş etdirib. Müxtəlif dövrlərdə şantaj, təhdid və təxribatlara əl atıb, hətta terror və zorakılıq metodlarından belə çəkinməyib”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqalamasında politoloq Əli Orucov deyib.
Politoloq vurğulayıb ki, istər Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə, istərsə də postmünaqişə mərhələsində Tehran faktiki olaraq Ermənistanın yanında yer alıb və ona müxtəlif formalarda dəstək göstərib.
O, bildirib ki, bütün bu cəhdlərə baxmayaraq, molla rejimi Azərbaycana münasibətdə qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib və bundan sonra da ola bilməyəcək: “İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf mühafizəkar düşərgəni təmsil etsə də, komandasının bəzi nümayəndələrindən fərqli olaraq Azərbaycanla münasibətlərdə bütün körpülərin yandırılmasının tərəfdarı deyil. Lakin təəssüflər olsun ki, bu ölkədəki bəlli qüvvələr Azərbaycana qarşı düşmən mövqe sərgiləməkdə davam edir. Bir neçə gün öncə biz bunun son örnəyinin şahidi olduq”.
Əli Orucovun sözlərinə görə, iranlı deputatın son açıqlamaları bir daha göstərir ki, ABŞ – İsrail – İran qarşıdurması zamanı Tehranın radikal qanadı Bakını hədəfə almağı nəzərdən keçirib və bu planın reallaşmasının qarşısını İran Prezidenti Məsud Pezeşkian alıb: “Bu fakt İran hakimiyyəti daxilində Azərbaycan məsələsinə münasibətdə ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir”.
Əli Orucov vurğulayıb ki, Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Qalibafa göstərilən yüksək səviyyəli qəbul Azərbaycanın dostluq və əməkdaşlıq niyyətinin növbəti nümayişi idi.
O xatırladıb ki, Azərbaycan İranın ən çətin və mürəkkəb dövrlərində belə humanitar yardım göstərərək qonşuluq münasibətlərinə sadiq qalıb: “Lakin, Tehran tərəfindən bu xoşməramlı addımlara eyni səmimiyyətlə cavab verilməyib”.
Sonda Əli Orucov bildirib ki, İranın mühafizəkar qanadı yanlış siyasi kursunu davam etdirməklə nəinki regionda bu ölkəyə etimadı zəiflədir, eyni zamanda dost hesab etdiyi ölkələrlə münasibətlərdə də məsafəni daha da artırır.






İlk şərhi yaza bilərsiniz