Nadir Azəri: Rusiya–Ukrayna müharibəsində iqtisadi təzyiq, enerji infrastrukturu və daxili siyasi amillər artıq hərbi əməliyyatlarla paralel şəkildə nəticəyə təsir edir
BAYRAQDAR MEDİA – “Rusiya – Ukrayna müharibəsində son aylarda baş verən hadisələr göstərir ki, qarşıdurma artıq yalnız döyüş meydanı ilə məhdudlaşmır. Mübarizə paralel olaraq iqtisadi və strateji istiqamətlərdə də getdikcə daha kəskin xarakter alır”.
Bu fikirləri “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.
Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisində, xüsusilə enerji və neft infrastrukturunu hədəfə alan hücumları Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırmağa və müharibənin maliyyə təminatına təzyiq göstərməyə hesablanıb.
“Rusiyanın əsas valyuta gəlirlərinin mühüm hissəsi enerji ixracından formalaşır. Bu baxımdan, neft və qaz sektoruna dəyən uzunmüddətli zərər dövlət büdcəsinə, hərbi xərclərin maliyyələşdirilməsinə və ümumilikdə ölkənin iqtisadi dayanıqlığına mənfi təsir göstərə bilər. Bununla belə, Rusiyanın geniş enerji resursları, alternativ ixrac marşrutları və dövlətin iqtisadiyyata yüksək nəzarəti nəzərə alınarsa, yaxın perspektivdə iqtisadi çöküş ssenarisi inandırıcı görünmür. Daha real ehtimal iqtisadi zəifləmənin mərhələli şəkildə dərinləşməsi və təzyiqin zaman keçdikcə artmasıdır”, – deyə o bildirib.
Nadir Azəri qeyd edib ki, müharibənin uzanması ölkə daxilində sosial və siyasi narazılığın güclənməsinə də zəmin yarada bilər.
“Artan insan itkiləri, iqtisadi çətinliklər, əhalinin rifah səviyyəsinin aşağı düşməsi və müharibənin cəmiyyətə yaratdığı əlavə yük hakimiyyət üçün yeni çağırışlar formalaşdırır. Əgər hərbi uğursuzluqlar, iqtisadi problemlər və daxili narazılıq eyni vaxtda dərinləşərsə, bu, Rusiyada siyasi sabitlik üçün riskləri daha da artıra bilər”, – deyə siyasi şərhçi vurğulayıb.
Sonda Nadir Azəri bildirib ki, Rusiyanın iqtisadi potensialına yönələn təzyiqlər və enerji infrastrukturuna endirilən zərbələr müharibənin gedişinə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilməlidir. Onun fikrincə, bu qarşıdurmanın yekun nəticəsini yalnız cəbhədəki vəziyyət deyil, eyni zamanda tərəflərin iqtisadi gücü, siyasi sabitliyi və uzunmüddətli davamlılıq imkanları müəyyən edəcək.






İlk şərhi yaza bilərsiniz