Press "Enter" to skip to content

Səyavuş Hüseynli: Teleməkanda böyük ixtisarlar qaçılmazdır!

Səyavuş Hüseynli
Sevil AKİFQIZI
Sevil AKİFQIZI

BAYRAQDAR MEDİA aktyor, teleaparıcı, rejissor, “SOY production”ın bədii rəhbəri Səyavuş Hüseynlinin özəl müsahibəni təqdim edir. O, kameranın önündə və arxasında eyni missiyanı daşıyır. İnsanı öyrənir, kəşf edir. Maskaları çıxaraq və onun baxışı ilə sənət adamının hesabatına nəzər salaq.

-Səyavuş bəy, oxucularımıza özünüzü necə təqdim edərdiniz?

-25 ildən çoxdur ki, televiziya sahəsində, xüsusilə də əyləncə sektorunda çalışıram. Bu günə qədər televiziyada 70-dən çox layihəm olub. Onların bir çoxunun müəllifi, bədii rəhbəri və quruluşçu rejissoru olmuşam, bəzilərində isə aparıcı kimi çıxış etmişəm. Ümumiyyətlə, televiziya fəaliyyətinə teatrdan gəlmişəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu fakültəsini bitirmişəm. Bir müddət Dövlət Pantomim Teatrında və Gənclər Teatrında işlədim. Sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən gəldikdən sonra elə oldu ki, teatra qayıtmadım. Bilirsiniz, Gəncədən Bakıya gəlmişdim. Evim, ailəm yox idi və o vaxtlar teatr maaşı ilə həyatımı qurmaq mənə çətin gəlirdi, gələcəyimi görmürdüm. Ona görə də biz üç dost birləşib “SOY” adlı şirkət yaratdıq və televiziya sahəsində fəaliyyətə başladıq. İlk verilişim 1998-ci ildə efirə çıxdı. Adı “Həftə çal-çağırı” idi. Verlişin aparıcısı, müəllifi mən idim. Sonradan orada “Pıça-pıç” adlı xırda rubrika var idi. Əvvəllər Aynur xanım, sonra isə Dilarə xanım aparıcısı oldu. Bu Space TV-də yayımlanırdı. Daha sonra layihəni şou-biznes formatında ATV kanalına təklif etdik. Uzun illər bu kanalda “Çal-çağır şou” adı altında Dilarə Əliyeva, Tünzalə Əliyeva və Ülviyyə Əliyeva verilişin aparıcısı oldular. Fəaliyyətimizin növbəti mərhələsi gənc ifaçıları yetişdirən “Yeni ulduz” dövrü ilə bağlıdır. Bu layihənin adı bu gün də yaşayır. Özü olmasa da yetirmələrinin üstündə adı var. Çingiz Mustafayev, Azad Şabanov, İlhamə Qasımova, Samirə Əfəndi, Aysel, həm də bir çoxu ölkəmizi “Avroviziya”da təmsil edib. Ümumiyyətlə bu layihə Azərbaycana yeni ifaçılar bəxş etdi. Mənim oradakı işim gənclərin “brendləşdirilməsi” idi. Yəni səhnədə necə durmalı, necə danışmalı olduqlarını öyrədir, efir mədəniyyətini, geyim və davranış qaydalarını aşılayırdım. Daha sonra illər ərzində topladığım təcrübəni müəllim kimi öyrətmək istəyinə düşdüm. Onu da deyim ki, sonuncu layihələrimdən biri 2019-cu ildən başlayan və bu gün də davam edən “Real Vətən” layihəsidir. Layihənin əsas məqsədi bölgələrimizin turizm imkanlarını ortaya çıxarmaqdır. Yəni tanıdığımız bölgələrin tanımadığımız yerlərini tapıb xarici turistlərə tanıdırıq. Proqramımızın fərqli cəhəti ondan ibarətdir ki, biz bir bölgənin fərqli fəsillərdəki gözəlliyini göstəririk. Tamaşaçı bir buraxılışda eyni məkanın bir neçə fəslini görə bilir. Bu, böyük müddət tələb edən uzunmüddətli bir iş olsa da nəticəsi çox uğurlu oldu. Bizim üzə çıxardığımız qalalar və tarixi abidələr mədəni turizm, kəşf etdiyimiz göllər və şəlalələr isə ekoturizm, eləcə də bu gün çox dəbdə olan dağ yürüşləri üçün əvəzsiz məkanlara çevrildi. Bir çox turizm şirkətləri bu kəşflərimizi görüb onları real turlara çevirdilər. İstər “Yeni ulduz”da, istər “Real Vətən”də, istərsə də “Çal-çağır şou”da və çəkdiyimiz seriallarda mənim işimin adı kəşf etmək oldu. Yəni həyatım boyu yeni insanlar, fərqli layihələr və unikal məkanlar kəşf etdim. Bununla bərabər mən həm də özümü kəşf etdim.

-Qeyd etdiniz ki, teatr fəaliyyətiniz olub. Bəs gördüyünüz işlərdə teatrın rolu nə dərəcədədir?

-Mənim qurduğum bütün işlərdə teatrın birbaşa rolu var.

-Xüsusilə Pantomim Teatrına diqqət çəkmək istəyirdim…

-Pantomim Teatrının mənim həyatımdakı rolu əvəzsizdir. O mənada ki, bu teatrı Azərbaycan səhnəsinə gətirən məhz bizim qrup olub. Universitetdə oxuyarkən Bəxtiyar Xanızadə bizə səhnə hərəkətindən dərs deyirdi. Uzun müddət bizə dərs deyə-deyə imkanlarımızı gördü və universitet daxilində bizimlə eksperimentlər etməyə başladı. Hələ üçüncü kursda oxuyanda “Nağaraçılar” tamaşasını qurmağa başladıq. Gördüyümüz işlər o dövr üçün çox yeni idi, bir çox yeniliklərə də imza atdıq. Yeniliklərə imza atmaq vərdişi də mənə məhz oradan gəldi. Ona görə də televiziyada bu cür fərqli proqramlar edə bilməyimin və bu gün də bu yolu davam etdirməyimin səbəbi budur. Diqqət etsəniz, teleməkanda layihələrimizin çoxu ilkdir, bənzəri olmayan, tək və fərqli işlərdir. Yəni “SOY Production”ın imza atdığı bir layihənin digərlərinə bənzəməsi qeyri-mümkündür. Bizim Nəsir Sadıqzadə kimi bir müəllimimiz var idi. O, həmişə deyirdi ki, rəqs, səhnə hərəkəti kimi dərslərə xüsusi önəm verin, çünki gələcəyin teatrı hərəkətdədir. Deyirdi ki, pafoslu teatr dövrü artıq geridə qalıb. Biz də səhnə hərəkəti fənlərinə xüsusi maraq göstərirdik, içimizdə bir sevgi yaranmışdı. Bəxtiyar müəllim bizdəki bu sevgini hiss etdi və bunu bir teatra çevirməyi təklif etdi. Səhv etmirəmsə, Bəxtiyar müəllim Sankt-Peterburqdakı təhsilini yeni başa vurub gəlmişdi, ürəyi ideyalarla dolu idi. Bunu həyata keçirəcək komandanı tapmaq isə çətin idi. O, axtardığı o qığılcımı məhz bizdə gördü.

-Neçənci illər?

-1990-cı ildən, yəni ikinci kursdan başlayaraq Bəxtiyar Xanızadə ilə dərsdənkənar iş fəaliyyətinə başladıq. Reklamlar edirdik, pantomim hərəkətləri qururduq, tapdığımız ideyaları gətirib ona göstərirdik. Yeni eksperimentlər aparırdıq. Məsələn, Stanislavski deyirdi ki, sən əvvəlcə obrazı yaratmaq üçün onun daxili aləmini öyrənib sonra xarici görünüşü haqqında düşünməlisən. Pantomimdə isə bu, həmişə belə deyil. Ola bilər ki, əvvəlcə hər hansı bir saç düzümünü, geyimi, qaş-göz yaxud əl hərəkətini tapasan, sonra isə o adamın daxili dünyasına keçəsən. Buna “xaricdən daxilə” metodu deyirlər. Hər iki variant eyni vaxtda istifadə olunanda aktyorlarda, xüsusilə də tələbələrdə psixoloji gərginlik yarana bilər. Amma bizim hər iki müəllimimiz bizi həm daxili, həm də xarici tərəfdən çox yaxşı hazırlayırdı. Ona görə də bizdə bu iş uğurlu alınırdı, nə etdiyimizin fərqində idik. Ondan sonra dörd nəfərin – Elman Rəfiyev, mən, Rövşən İsax və Əsəd İsmayılovun əsas fəaliyyəti üzərində Pantomim Teatrı yarandı. Hətta Teatrın 10 illiyində, üstündən on il keçməsinə baxmayaraq, “Nağaraçılar” tamaşasını təkrar oynadıq. Orada Bəxtiyar müəllim bu faktı xüsusi olaraq vurğuladı.

-Sizin bir tezisiniz var: “yaxşı iş görmək vacibdir, amma haqqında yazılması, mənbələşdirilməsi də ən az onun qədər vacibdir”. Bu gün Azərbaycan mediasının o nəhəng vitrininə baxanda Səyavuş Hüseynlinin gerçək vizit kartı hansı layihələrin, hansı ideyaların üzərindədir?

-Ən böyük imzam “SOY”dur, sonuncu olaraq “Real Vətən” layihəsidir. Bundan başqa fəaliyyətim dövründə bir çox layihələr reallaşdırdım, lakin sadəcə işimi görməklə kifayətlənib özümü ön plana çıxarmırdım. Nəticədə ortada nə bir müsahibə, nə video-görüntü, nə də hər hansı bir süjet qalırdı. Bu gün natiqlik, ünsiyyət bacarıqları və şəxsi brend mövzusunda təlimlər keçirəm və indi anlayıram ki, biz vaxtında şəxsi brend haqqında, ümumiyyətlə düşünməmişik. Məsələn, 2023-cü ildə AzTV-də yayımlanan, beynəlxalq lisenziyalı “Düşən pullar” (orijinal adı ilə “Money Drop”) layihəsinin baş prodüseri oldum. O layihəni sıfırdan, A-dan Z-yə qədər quran üç nəfərdən biri mən idim. Amma mənim orada olduğumu bildirən yeganə fakt alt yazıda “Baş prodüser: Səyavuş Hüseynli” yazılmasıdır. Başqa heç yerdə bircə müsahibəm belə yoxdur. Bu, mənim özümün düzgün olmayan yanaşmamın nəticəsidir, burada AzTV-nin heç bir xidməti yoxdur. Bu gün şəxsi brendimi təqdim etmək üçün Vikipediyamı yeniləmək və veb-sayt hazırlamaq istəyirəm. Lakin Vikipediyada belə bir qayda var. Sən kim olduğunu sübut etmək üçün mütləq etibarlı mənbələr göstərməlisən, əks halda sistem məlumatı təsdiqləmir. 2019-cu ildə Elçin Əlibəylinin dəstəyi ilə mənim haqqımda Vikipediya açılıb. Bu yaxınlarda gənc fəallar bunu yeniləməyi təklif etdilər. “Real Vətən”, “Düşən pullar” və bir çox digər işlərim var ki, hazırda orada yoxdur. Onları əlavə etmək istəyirəm, amma rəsmi mənbə tapa bilmirəm. İndi mən necə sübut edim? Bu işi gördüyümü hamı bilir, amma ortada yazılı bir sübut yoxdur. Məhz buna görə də bu mövzuda danışmağa, yazmağa başladım. Dedim ki, nə qədər gec deyil öz şəxsi brendinizi yaratmaq istəyirsinizsə, ilk növbədə gördüyünüz işlərin rəsmiləşdirilməsinə, yəni mətbuatda iz qoymağa başlayın. Haradasa müsahibə verin, çıxış edin, məsələ məqalə halında dərc olunsun ki, sabah özünüzü təqdim etmək istəyəndə Vikipediya bunu rahatlıqla qəbul edə bilsin. Bu günün reallığı belədir. “Sən sadəcə işini gör, səni onsuz da görəcəklər” prinsipi artıq keçərli deyil. Sən işini görməklə yanaşı onu vurğulamağı və göstərməyi də bacarmalısan. Təlimlərimdə də insanlara məhz bu vacib məqamı izah edirəm.

-Səyavuş bəy, o dövrün əyləncəsində bir intellekt, bir yumor, estetika var idi. İndi geriyə baxıb müasir verilişləri izləyəndə nə hiss edirsiniz?

-Hər şey o qədər sürətlə dəyişir ki, televiziya da bu sürətlə bərabər ya dəyişməli, ya da kənara çəkilməlidir. Əvvəllər hər şey niyə daha dərin idi? Çünki insanlar məlumatı, sənəti tələsmədən qəbul edir, yavaş-yavaş həzz alır və həzm edirdi. İndi isə hər şey elə bir sürətlə dəyişir və rəqabət elə bir həddə çatıb ki, proseslər dərinliyini itirib, yalnız zahiri tərəfi, yəni səthi qalıb. Məsələn, əvvəllər biz Cəlil Məmmədquluzadənin bir əsəri əsasında hansısa layihəni, tamaşanı qurardıqsa, indi bazarda şahidi olduğumuz bir hadisəni və ya TikTok-da qarşılaşdığımız hər hansı bir məqamı dərhal yumora, səhnəciyə çevirib təqdim edirik. Maraqlısı odur ki, insanlar da bunu böyük məmnuniyyətlə qəbul edir. Məsələnin mahiyyətini nümayiş etdirəcək mühit yoxdur. Bu o demək deyil ki, belə düşünən insanlar yoxdur. Əksinə, var. Lakin həmin insanlar da görürlər ki, artıq bu cür düşünməyə ehtiyac qalmır. Məsələlərə səthi yanaşmaq kifayət edir. Bu, təəssüf doğuran bir hal olsa da, görünür, bizim cəmiyyətin təkamül prosesi belə formalaşıb.

-Son zamanlar efirlərə sərt qadağalar tətbiq edildi. Reytinqli şou proqramlar, bir sıra sosial verilişlər bağlandı. Sizcə, bu qadağalar televiziyanı təmizlədi, yoxsa əvvəlki vəziyyət hələ də qalır?

-Reytinqlər dəyişdi… Reytinq ona görə dəyişdi ki, böyük qazanclar əldə edən kanallar o reytinqləri itirdi. Reytinqlərlə bərabər onlar sponsorlarını da itirdi və tezliklə teleməkanda böyük ixtisarlar qaçılmazdır. Uzun illər televiziya statuslu bir sahə idi. Televiziyada görünmək bir status rəmzi sayılır, “televiziya deyirsə, deməli, düzdür” fikri hakim idi. Zamanla bu yanaşma bir az dəyişdi. Televiziya daha çox əyləncə sektoruna istiqamətləndi və insanları əyləndirməyə başladı. Əslində, televiziya iki şeyi satır: xəbər və əyləncəni. Lakin biz əvvəllər öyrəşmişdik ki, televiziya həm də maarifləndirməlidir. Maarifləndirmə sahəsində, xüsusilə də özəl televiziyalarda həmişə müəyyən qadağalar olub. Məsələn, siqaret çəkəni, içki içəni, qanı, şiddəti, zorakılığı və ya intim məqamları göstərmək olmaz və bəzi mövzulardan danışmaq qadağandır. Bəs niyə hamı sosial şəbəkələrə axışdı? Çünki orada hər şey filtrsizdir. İnsanlar orada hər şeyi olduğu kimi gördü. Amma “hər şeyi bütün çılpaqlığı ilə görmək bizə lazımdırmı” sualının cavabı yoxdur. Belə bir istək var, amma əsaslandırılmış cavab yoxdur. Tamaşaçı televiziyadan ona görə üz döndərdi ki, “ütüsüz” bir şey görmək istədi. Televiziyada nə qaldı? Real insan taleləri üzərində, yəni emosiya üzərində qurulan sosial proqramlar və bir də müğənnilərlə bərabər əylənmək, elə zarafat etmək ki, heç kim o cür zarafat etməsin. “Filankəs, gördün filan müğənniyə nə dedi?”, “Filan müğənni, gördün aparıcıya necə cavab qaytardı?” kimi məqamlar insanlarda maraq oyadırdı və televiziyaya hələ də baxan müəyyən bir kütləni ekrana bağlayırdı. Bunlar da efirdən gedəndən sonra televiziya emosiyasını tamamilə itirdi. Deməli indiki televiziya bu emosiyanı əvəz edəcək daha keyfiyyətli, fərqli bir yanaşma ortaya qoymalıdır. Elə proqramlar hazırlanmalıdır ki, o emosiya tamaşaçını yenidən özünə cəlb edə bilsin. Ümumiyyətlə televiziya tamamilə emosiyadan və enerjidən yoğrulmalıdır. İnsanın çıxışı da belədir. Mən təlimlərimdə həmişə deyirəm ki, sadəcə yaxşı danışmaq hələ natiqlik deyil. Sən öz emosiyanı, enerjini qarşı tərəfə ötürə, göstərə bilmirsənsə, nə qədər səlis və təmiz danışırsan danış, insanlar bir neçə dəqiqədən sonra səndən darıxacaq və başqa bir şey axtaracaq. Ona görə də televiziyada emosional proqramlar olmalıdır. Təbii ki, bu, həddi aşmamalı, həddindən artıq şit olmamalıdır. Hər şey gözəl zövqlə təqdim edilməlidir ki, insanlar onu izləmək istəsin.

Səyavuş Hüseynli
Səyavuş Hüseynli

-Bir vaxtlar uğurlu seriallara imza atmısınız. İndiki dövr elədir ki, serial bolluğu var. Keyfiyyət məsələlərinə necə baxırsınız və bu seriallar tamaşaçını cəlb edə bilirmi?

-Bir neçə yerdə İctimai Televiziyanın hazırladığı seriallar haqqında danışıldığının şahidi olmuşam. İncəsənət Universitetində oxuyarkən bizə müşahidə etməyi öyrədirdilər. Çox vaxt söhbətlərə kənardan baxır və eşidirsən ki, insanlar nəyi izləyir, onlar üçün nə maraqlıdır, nə maraqsızdır. Son vaxtlar mənim özümün də izlədiyim layihə “Mikrorayon” serialıdır. Ondan əvvəl “Vətəndaş A” serialından həzz almışdım, indi isə “Mikrorayon”a baxıram. Son dövrlər İTV-nin cəsarətli mövzularla bağlı ortaya qoyduğu bu işlər mənim çox xoşuma gəlir. Xatırlayırsınızsa, bir ara komediya çox dəbdə idi. Hamı komediya çəkirdi. Hamı “Bozbash Pictures”, “Buğlama”, “Üç bacı” və sairə edirdi. Bu, bir “bum” dövrü idi. Həmin mərhələ geridə qaldı, indi isə daha çox sosial və detektiv janrlı mövzular öndədir. Bu janrlar hələ ki tamaşaçı tərəfindən qəbul edilir və sevilir. Lakin eyni janrda fərqli formalar tapılmasa, bu da insanları yoracaq. Layihələri elə təqdim etməlidirlər ki, onlar bir-birinə bənzəməsin. Yaxşı, “Vətəndaş A” var, “Mikrorayon” var, “Əqrəb mövsümü” var… bəs sonra nə olmalıdır? Sonrası bu uğurlu işlərin təkrarı yox, yeni bir baxış bucağı, yenilənmiş fərqli versiyaları olmalıdır ki, inkişaf davam etsin. Son vaxtlar seriallar vasitəsilə yeni, gənc aktyorların üzə çıxması da çox yaxşı göstəricidir. Yaxşı ya pis – fərqi yoxdur, biz çox iş görməliyik. Çünki aparılan eksperimentlər, görülən davamlı işlər sonda mütləq yaxşı nəticə verir. Yəni hər şey birdən-birə alına bilməz.

-Müsahibənin əvvəlində teatrdan danışdıq. İstəyirəm teatr mövzusu ilə də yekunlaşdıraq. Səyavuş Hüseynli yenidən teatr mühitinə dönmək istəyərdimi?

-Teatr mühiti dünən mənim üçün maraqlı idi. Bu gün isə suallar çoxdur: hansı materialla, kiminlə, haraya, hansı şərtlərlə? Bu sualların cavabı hazırda məndə yoxdur, ona görə də bu dəqiqə teatra qayıtmaq barədə düşünmürəm. Amma bəlkə sabah elə bir layihə, elə bir rejissor və elə bir material olar ki, razılaşaram. Müqavilə əsasında, sadəcə bir tamaşalıq oynamaq istəyərəm, amma bundan sonra bütün həyatımı teatra həsr etmək istəmirəm. Çünki indi məni tamamilə başqa bir sahə maraqlandırır. Zamanında mənim üçün “Çal-çağır”, “Yeni ulduz” maraqlı idisə, sonra “Üç bacı” serialı, daha sonra isə “Real Vətən” layihəsi ön plana keçdi. İndi isə məni təlimçilik fəaliyyəti maraqlandırır. Düşündüm ki, illərlə bu qədər aparıcı, müxbir və jurnalistlə işləyib onları ekranda görünən etmişəmsə və bunu bacarıramsa, eyni addımı bir müəllim, həkim və ya hər hansı peşə sahibi üçün də ata bilərəm. Çünki hər kəsin içində görünməyi gözləyən bir versiyası var. Mənim indiki natiqlik bacarıqları ilə bağlı təlimim bunu gərçəkləşdirməyə kömək edir.

-Aydındır. Sizə uğurlar arzulayırıq.

-Çox sağ olun.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.