Press "Enter" to skip to content

Birgə televiziya layihələrinin hazırlanması vacibdir

Dildora Abdullayeva Bakıda

Dildora Abdullayeva: İnformasiya mübadiləsinin sürətləndirilməsi və müasir rəqəmsal platformalarda birgə media məzmununun hazırlanması türk dünyasının ortaq media məkanını daha da gücləndirəcək

BAYRAQDAR MEDİA – Son illər türk dünyasında bir çox sahələr, o cümlədən media sahəsində əlaqələr inkişaf edir. Təbii ki, bu məsələdə dövlətlərin reallaşdırdığı siyasətlə yanaşı, ictimaiyyət nümayəndələrinin də özünəməxsus rolu var. Belə fəal təmsilçilərdən biri də ötən həftə Azərbaycana növbəti səfər edən Dildora Abdullayevaddır.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini Rafiq Həşimov ilə xatirə fotosu
“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin sədr müavini Rafiq Həşimov ilə xatirə fotosu

Məlumat üçün bildirək ki, 14 iyul 1985-ci ildə Daşkənd şəhərində anadan olan Dildora Abdullayeva 1991-ci ildə Daşkənd şəhərindəki 265 nömrəli məktəbi bitirdikdən sonra “Maşınqayırma Kolleci”ndə 3 il mühasibat ixtisası üzrə təhsil alıb. 2005-ci ildə Özbəkistan Milli Teleradio Şirkətinin “Oʻzbekiston” televiziya kanalında işə qəbul olunub. 2022-ci ildə Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinə qəbul olunub. Hazırda Özbəkistan Milli Teleradio Şirkətində fəaliyyətimi davam etdirir. Beləliklə, onun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik:

-Dildora xanım, Azərbaycana səfərinizin əsas məqsədi nə idi?

-Öncə onu deyim ki bu mənim qardaş Azərbaycana yeddinci səfərim idi. Bu səfərdə əsas məqsədi AzTV-də təşkil olunan peşəkar təcrübə mübadiləsi proqramında iştirak etmək və Azərbaycan kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə yaxından tanış olmaq idi. Bu səfər mənim üçün təkcə peşəkar baxımdan deyil, həm də mədəni cəhətdən çox əhəmiyyətli oldu. Onu da qeyd edim ki hər səfərimdə Azərbaycanın daha gözəlləşdiyinin şahidi oluram. Bu da məni daha da sevindirir. Ümumiyyətlə bu dəfə Bakı şəhəri məndə son dərəcə müsbət təəssüratlar yaratdı. Azərbaycanın qonaqpərvərliyi və xalqlarımız arasındakı yaxınlıq məndə unudulmaz təəssüratlar buraxdı.

-AzTV-də keçdiyiniz təcrübə proqramı peşəkar fəaliyyətiniz baxımından sizə hansı bilik və təcrübələri qazandırdı?

-AzTV-dəki təcrübə proqramı sayəsində müasir televiziya jurnalistikası, xəbər hazırlanması prosesləri, efirin təşkili və rəqəmsal medianın imkanları barədə dəyərli biliklər əldə etdim. Həmçinin peşəkar jurnalistlər və mütəxəssislərlə fikir mübadiləsi aparmaq mənim üçün çox qiymətli təcrübə oldu. Bundan əlavə, “Tele Səhər” adlı canlı yayım proqramının çəkiliş prosesində iştirak etdim.

“Tele Səhər” adlı canlı yayım proqramının çəkiliş prosesində
“Tele Səhər” adlı canlı yayım proqramının çəkiliş prosesində

Verilişin redaktoru və rejissoru Vüsal Arifsoy, Nəcibə Əlixanova, AzTV-nin rəhbəri Rövşən Məmmədov və Rafiq Haşımov mənə hər zaman böyük dəstək göstərdilər və öz köməklərini əsirgəmədilər. Əldə etdiyim bu bilik və bacarıqları gələcək fəaliyyətimdə tətbiq etməyə çalışacağam.

-Azərbaycan televiziyasının türk dünyasında tutduğu yeri və rolunu necə qiymətləndirirsiniz?

-Mənim fikrimcə, Azərbaycan televiziyalsarı türk dünyası teleməkanında çox mühüm mövqeyə malikdir. Konkret olaraq AzTV-yə gəlincə bu kanal yalnız informasiya yaymır, eyni zamanda xalqlarımız arasında mədəni və mənəvi əlaqələrin möhkəmlənməsinə də xidmət edir. AzTV kimi televiziya kanalları ortaq tariximizi, dilimizi və milli-mənəvi dəyərlərimizi təbliğ etməklə türk dövlətləri arasında həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verir.

-Türk Dövlətləri Təşkilatı çərçivəsində televiziya qurumları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?

-Mənim fikrimcə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün jurnalistlər arasında müntəzəm təcrübə mübadiləsi proqramlarının artırılması, birgə televiziya layihələrinin və sənədli filmlərin hazırlanması, eləcə də gənc jurnalistlər üçün ixtisasartırma kurslarının təşkili çox vacibdir. Bundan başqa, informasiya mübadiləsinin sürətləndirilməsi və müasir rəqəmsal platformalarda birgə media məzmununun hazırlanması türk dünyasının ortaq media məkanını daha da gücləndirəcək.

AzTV-dən xatirə fotosu
AzTV-dən xatirə fotosu

Sonda yaradılan bu imkandan istifadə edərək, Bakıya səfərim zamanı mənə göstərdiyi diqqət və dəstəyə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifliyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ona səmimi təşəkkürümü ifadə edir, fəaliyyətində yeni uğurlar arzulayıram.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.