BAYRAQDAR MEDİA – Damal Dərnəkləri Federasiyası tərəfindən bu il 4-cü dəfə keçiriləcək Damal Şöləni üçün hazırlıqlar tamamlanıb. İstanbulda keçiriləcək şöləndə musiqi, teatr, folklor və yerli mədəniyyət bir araya gətiriləcək.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıbş
Bildirilib ki, Damal mədəniyyətini, musiqisini və yerli dəyərlərini İstanbulda bir araya gətirmək məqsədi daşıyan 4-cü Damal Şöləni sentyabrın 13-ü, bazar günü saat 17:00-da Esenkent Rıfat Ilgaz Açıq Hava Teatrında keçiriləcək. Şöləndə Türk xalq musiqisinin tanınmış ifaçıları Ender Balkır, Aliye Fişenk, Ertuğrul Çimen, Eren Can Doğaner və Aşıq Cafer Avalır səhnəyə çıxacaqlar. Proqramda həmçinin “Grup Endorfin” musiqi proqramı ilə iştirak edəcək.
Tədbir çərçivəsində musiqi proqramları ilə yanaşı, mədəniyyət və incəsənət nümayişləri də tamaşaçılara təqdim olunacaq. Bölgənin mədəniyyətini və həyat tərzini əks etdirən “Çığlık Sanat – Yeleatan” teatr tamaşası səhnələşdiriləcək, Damal Gəncliyi tərəfindən isə folklor nümayişi keçiriləcək.
Damal Dərnəkləri Federasiyası tərəfindən ənənəvi hala gətirilən şölənlə Damal və ətraf kəndlərdən İstanbula gələn vətəndaşların bir araya gətirilməsi hədəflənir. Musiqi, teatr, folklor və yerli mədəniyyətin bir arada təqdim ediləcəyi tədbirə bu il də böyük marağın olacağı gözlənilir.
Federasiya tərəfindən edilən çağırışda Damalın mədəniyyətini, incəsənətini və həmrəylik ruhunu yaşatmaq məqsədilə bütün vətəndaşlar 4-cü Damal Şöləninə dəvət olunub.






İlk şərhi yaza bilərsiniz