Press "Enter" to skip to content

DİM beynəlxalq əlaqələrini genişləndirir

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzində (DİM) İtaliyanın təlim və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən SSML ICOTEA – HUB4Minds təşkilatının prezidenti professor Tommaso Barone ilə görüş keçirilib.

DİM-dən bildirilib ki, İdarə Heyətinin sədri Məleykə Abbaszadənin iştirakı ilə keçirilən görüşdə qiymətləndirmə və sertifikatlaşdırma sahəsində əməkdaşlıq imkanları, peşəkar və linqvistik bacarıqların qiymətləndirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı SSML ICOTEA – HUB4Minds təşkilatının peşəkar hazırlıq, təlim və sertifikatlaşdırma sahəsində fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, təşkilat müxtəlif peşə istiqamətləri üzrə təlim proqramları təşkil edir, iştirakçıların bilik və bacarıqlarını imtahanlar vasitəsilə qiymətləndirir və beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim edir. Həmin sertifikatlar İtaliya və Avropa İttifaqına üzv ölkələrdə tanınır və müvafiq peşə istiqamətləri üzrə fəaliyyət üçün istifadə olunur.

Tərəflər bu təcrübənin Azərbaycanda tətbiqi, müxtəlif peşə və bacarıqlar üzrə təlim–imtahan–sertifikatlaşdırma modelinin inkişaf etdirilməsi, eləcə də beynəlxalq standartlara uyğun qiymətləndirmə mexanizmlərinin yaradılması imkanları barədə fikir mübadiləsi aparıblar. Görüşdə qiymətləndirmə və sertifikatlaşdırma proseslərində müasir texnoloji həllərin tətbiqinin, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, həmçinin peşəkar bacarıqların obyektiv qiymətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində DİM ilə SSML ICOTEA – HUB4Minds arasında gələcək əməkdaşlığın əsas istiqamətləri də nəzərdən keçirilib. Müzakirələr bacarıqların qiymətləndirilməsi, beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma mexanizmlərinin tətbiqi, qiymətləndirmə alətləri və texnoloji platformaların inteqrasiyası, habelə təcrübə və ekspert mübadiləsini əhatə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.