BAYRAQDAR MEDİA – Akdeniz Universiteti Xəstəxanasında xroniki böyrək çatışmazlığından əziyyət çəkən və hər iki ayaq damarı tamamilə tıxanan 77 yaşlı Muammer Kayanın müalicəsində Antalyada ilk dəfə karbon qazı angioqrafiyası üsulundan istifadə olunub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Kardiyologiya kafedrasının müəllimi Prof. Dr. Ünal Güntekin və komandası böyrəklərə zərər vermə riski olan standart kontrast maddə əvəzinə karbon qazından istifadə edərək tıxanmış damarları görüntüləyib. Daha sonra uğurlu müdaxilə nəticəsində xəstənin ayaq damarları açılıb.
Xroniki böyrək çatışmazlığı səbəbindən ənənəvi angioqrafiyanın aparılması mümkün olmayan xəstədə yeni üsulun tətbiqi xüsusi əhəmiyyət daşıyıb.
Prof. Dr. Güntekin bildirib ki, xəstənin böyrəklərində hər hansı problem yaranmayıb və o, sağlam şəkildə evə buraxılıb. Onun sözlərinə görə, karbon qazı üsulu Antalyada ilk dəfə həm tamamilə tıxanmış damarları olan, həm də xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə tətbiq edilib. Həkim bu üsulla ənənəvi kontrast maddə ilə əldə edilən görüntülərə bənzər nəticələr aldıqlarını və gələcəkdə xroniki böyrək çatışmazlığı olan digər xəstələrdə də bu metoddan istifadə etməyi planlaşdırdıqlarını qeyd edib.






İlk şərhi yaza bilərsiniz