Press "Enter" to skip to content

Səkkiz ilin tamamını bir neçə hadisəyə sığdırmaq çox çətindir

Fatih Avanos

Fatih Avanos: Azərbaycandan ayrılarkən əslində yalnız bir iş yerindən və ya fəaliyyət göstərdiyim ölkədən ayrılmıram, həyatımın çox mühüm bir hissəsindən ayrılıram

BAYRAQDAR MEDİA – Bu gün Türk dünyası öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin başlanmasında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin özünəməxsus rolu var. Məhz bu Zəfərdən güc alaraq Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi sonrakı mərhələdə müasir Türk dünyasının, belə demək mümkündürsə, bir növ əsasnaməsi rolunu oynadı.

Şübhəsiz ki, bu proseslərə şahidlik edən bizlər eyni zamanda baş verən hadisələrin cəmiyyətə çatdırılmasında da müəyyən rol oynayırıq. Bu sırada öz fəaliyyətini Azərbaycanda başa vuraraq qardaş Türkiyəyə dönən, TRT-nin Azərbaycan nümayəndəliyində səkkiz il çalışmış Fatih Avanosun da özünəməxsus rolu olub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həqiqətlərini, ölkəmizin Vətən savaşındakı uğurlarını addım-addım, cümlə-cümlə dünya ictimaiyyətinə çatdıran TRT heyətinin tərkibində yer alan Fatih Avanos Azərbaycandan Türkiyəyə dönməzdən BAYRAQDAR MEDİA-ya öncə ötən səkkiz ili əhatə edən xüsusi müsahibə verib.

Beləliklə, həmin müsahibəni təqdim edirik:

Həyatımda 44 günlük Vətən müharibəsinin yeri tamam başqadır

-Fatih bəy, artıq Azərbaycandan ayrılırsınız. Azərbaycanda fəaliyyət göstərdiyiniz illər ərzində yaddaşınızda ən çox iz buraxan hadisələr və ya heç vaxt unutmayacağınız anlar hansılar oldu?

-Səkkiz ilin tamamını bir neçə hadisəyə sığdırmaq həqiqətən çox çətindir. Çünki Azərbaycanda yalnız bir jurnalist kimi deyil, həyatımın mühüm bir hissəsini burada yaşayaraq keçirdim. Ona görə də yaddaşımda qalanlar təkcə xəbərlər və peşə fəaliyyətim deyil; insanlar, şəhərlər, yollar və yaşadığım çoxsaylı gözəl xatirələrdir. Amma əlbəttə ki, həyatımda 44 günlük Vətən müharibəsinin yeri tamam başqadır. Müharibənin başladığı ilk gündən Zəfər gününə qədər hadisələrin içində olmaq, Azərbaycanın yaşadığı həmin böyük dönüşə şahidlik etmək və baş verənləri Türkiyə ictimaiyyətinə çatdırmaq həm peşəkar fəaliyyətim, həm də həyatım baxımından unudulmaz bir dövr oldu.

44 günlük Vətən müharibəsi günlərindən xatirə
44 günlük Vətən müharibəsi günlərindən xatirə

Daha sonra Qarabağın müxtəlif bölgələrinə getmək, uzun illər işğal altında qalmış torpaqları görmək və orada həyata keçirilən yenidənqurma prosesini izləmək də mənim üçün çox xüsusi təcrübələr idi. Jurnalist kimi tarix kitablarında oxuduğunuz bir dövrün canlı şahidi olmaq heç də hər kəsə nəsib olan bir imkan deyil. Amma bəlkə də bütün bunlardan daha önəmlisi mənim üçün Azərbaycan insanı olacaq. Çünki burada sadəcə xəbər hazırlamadım, dostluqlar qurdum, insanlarla tanış oldum, ailələr tanıdım. Məni öz övladı kimi görən, çətin günlərdə yanımda olan çoxsaylı insanlar oldu. Ona görə də Azərbaycandan ayrılarkən əslində yalnız bir iş yerindən və ya fəaliyyət göstərdiyim ölkədən ayrılmıram, həyatımın çox mühüm bir hissəsindən ayrılıram.

Jurnalist kimi biz yalnız bir Zəfərin deyil, bütöv bir coğrafiyanın yenidən ayağa qalxmasının da şahidi olduq

-Azərbaycanda təxminən səkkiz il fəaliyyət göstərdiniz. Bu müddət ərzində ölkənin, demək olar ki, bütün bölgələrini ziyarət etdiniz, Qarabağda oldunuz. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfəri Türkiyə və dünya ictimaiyyətinə çatdırdınız. Həmin günlərdə nələr yaşadınız, hansı hissləri keçirdiniz?

-Bəli, 2018-ci ildə fəaliyyətimə başladım və təxminən səkkiz ildən sonra Azərbaycandan ayrılıram. Bu səkkiz il ərzində Azərbaycanın, demək olar ki, bütün bölgələrini görmək, müxtəlif rayonlarda baş verən hadisələri işıqlandırmaq imkanım oldu. Bu baxımdan özümü çox şanslı hiss edirəm. Amma 44 günlük Vətən müharibəsi jurnalistlik fəaliyyətimin ən xüsusi və ən çətin dövrlərindən biri idi. Çünki orada sadəcə bir müharibə xəbərini izləmirdik. Azərbaycan xalqının illərdir gözlədiyi bir hadisənin, uzun illər apardığı mübarizənin nəticəsinə şahidlik edirdik.

TRT heyəti növbəti planlaşdırma edir
TRT heyəti növbəti planlaşdırma edir

Müharibənin ilk günlərindən etibarən hadisələrin içində olmaq, cəbhə xəttinə yaxın bölgələrdə vəziyyəti izləmək, bəzən çox ağır şəraitdə çalışmaq və bütün bunları Türkiyədəki tamaşaçılara doğru və tam şəkildə çatdırmağa çalışmaq böyük məsuliyyət idi. Bir tərəfdən jurnalist kimi soyuqqanlı olmalı idiniz. Digər tərəfdən isə hadisələrin içində gördükləriniz, insanların yaşadıqları və illərdir həsrətində olduqları torpaqlarına qayıtmaq arzusu təbii olaraq sizi duyğulandırırdı.

Azad Xudafərinin fonunda xatirə fotosu
Azad Xudafərinin fonunda xatirə fotosu

Şuşanın azad edilməsi və ardınca gələn Zəfər mənim üçün də çox xüsusi bir an idi. Çünki illərlə haqqında xəbərlər hazırladığınız bir məsələnin reallıqda, hadisələrin baş verdiyi məkanda öz nəticəsini görürsünüz. Daha sonra Qarabağa getdiyim zaman isə müharibənin başqa bir üzü ilə qarşılaşdım. Dağıdılmış şəhərləri, kəndləri, məzarlıqları və daha sonra başlayan yenidənqurma işlərini gördüm.

Zəfərin fotosu
Zəfərin fotosu

Bu gün geriyə dönüb baxdığımda düşünürəm ki, müharibənin özü qədər, müharibədən sonrakı dəyişikliklər də tarixi əhəmiyyət daşıyır. Çünki jurnalist kimi biz yalnız bir Zəfərin deyil, bütöv bir coğrafiyanın yenidən ayağa qalxmasının da şahidi olduq.

Bundan sonra Ankarada əlimdən gəldiyi qədər Azərbaycanın könüllü elçisi olmağa davam edəcəyəm

-“Bir millət, iki dövlət” anlayışına bağlılığı ilə tanınan isimlərdən biri də Fatih Avanosdur. Bundan sonrakı fəaliyyətinizdə Azərbaycanın könüllü təmsilçisi və təbliğatçısı olmağa davam edəcəksinizmi?

– Əlbəttə. Hətta mənim üçün bu, sadəcə bir vəzifə və ya fəaliyyət istiqaməti deyil, artıq həyatımın bir hissəsidir. Azərbaycanda keçirdiyim səkkiz ilin sonunda bu ölkəni sadəcə haqqında xəbərlər hazırladığım bir ölkə kimi görmürəm. Burada çox şey öyrəndim. İnsanlarını tanıdım, tarixini daha yaxından öyrəndim, mədəniyyətini yaşadım. Türkiyəyə qayıtdıqdan sonra da Azərbaycanla bağlı hər hansı bir məsələ gündəmə gəldikdə özümü yenə də bu hekayənin bir parçası kimi görəcəyəm.

Zəfərin müjdəçisi olmaq gözəldir
Zəfərin müjdəçisi olmaq gözəldir

Əlbəttə, Azərbaycanla bağlı fəaliyyətimi davam etdirmək istəyirəm. Sənədli film ola bilər, xəbər ola bilər, media layihələri ola bilər, iki ölkə arasındakı münasibətlərdən bəhs edən çalışmalar ola bilər… Çünki Türkiyə-Azərbaycan münasibətlərində artıq yalnız dövlətlərarası əlaqələrdən danışmırıq. Cəmiyyətlərin bir-birini daha yaxşı tanıması, gənclərin bir-birini tanıması və ortaq hekayəmizin gələcək nəsillərə ötürülməsi də çox mühümdür. Mən də bundan sonra Ankarada əlimdən gəldiyi qədər Azərbaycanın könüllü elçisi olmağa davam edəcəyəm.

İki ölkənin mediası bir-birini yalnız xüsusi günlərdə deyil, gündəlik xəbər axını çərçivəsində daha çox izləməlidir

-Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün hansı addımlar atılmalıdır? Tövsiyələriniz nələrdir?

-Mən ilk növbədə hesab edirəm ki, iki ölkənin mediası bir-birini yalnız xüsusi günlərdə deyil, gündəlik xəbər axını çərçivəsində daha çox izləməlidir. Türkiyədə Azərbaycan deyildikdə çox vaxt Qarabağ, enerji, nəqliyyat və ya diplomatik münasibətlər gündəmə gəlir. Bunlar, əlbəttə ki, çox mühüm məsələlərdir. Amma Azərbaycanın bundan daha geniş bir hekayəsi var. Eyni şəkildə, Azərbaycan ictimaiyyətinin də Türkiyəni yalnız siyasi hadisələr üzərindən izləməməsi, Türkiyənin sosial, mədəni və iqtisadi gündəmini daha yaxından tanıması vacibdir. Bunun üçün iki ölkənin media qurumları arasında birgə layihələrin artırılmasının vacib olduğunu düşünürəm. Birgə sənədli filmlər, birgə sahə araşdırmaları, gənc jurnalistlərin mübadilə proqramları, birgə təlimlər və xüsusilə rəqəmsal media sahəsində ortaq məzmun istehsalı həyata keçirilə bilər.

TRT heyətinin daha bir xatirə fotosu
TRT heyətinin daha bir xatirə fotosu

Digər mühüm məsələ isə jurnalistlərin sahədə bir-birini daha yaxından tanımasıdır. Azərbaycanda keçirdiyim səkkiz illik fəaliyyətim zamanı bunu gördüm: Jurnalistlər bir-birini daha yaxşı tanıdıqca, bir-birinin iş mədəniyyətini bildikcə xəbərin keyfiyyəti də artır.

Türkiyə və Azərbaycanın ortaq bir kommunikasiya məkanı formalaşdırmaq üçün çox güclü potensialı var. Məncə, bundan sonrakı dövrdə məqsəd yalnız “bir millət, iki dövlət” ifadəsini təkrarlamaq deyil, bu tərəfdaşlığı media sahəsində konkret və davamlı layihələrə çevirmək olmalıdır.

Azərbaycan insanının təvazökarlığı, nəzakəti, alicənablığı və qonaqpərvərliyi üçün çox darıxacağımı düşünürəm

-Son sualım bir qədər duyğusal olacaq. Azərbaycandan ayrıldıqdan sonra burada ən çox nəyin, kimlərin və ya hansı mühitin üçün darıxacağınızı düşünürsünüz?

-Bu suala jurnalist kimi deyil, bir az Fatih kimi cavab vermək lazımdır, deyəsən. Ən çox insanlar üçün darıxacağam. Çünki səkkiz ilin sonunda Bakı mənim üçün sadəcə işlədiyim şəhər deyil, evim oldu. Burada səhər işə gedərkən gördüyüm küçələrdən, uzun səfərlər zamanı keçdiyim şəhərlərdən, xəbər hazırlamaq üçün getdiyim bölgələrdən və həyatımın bir parçasına çevrilən insanlardan ayrılıram. Azərbaycan insanının təvazökarlığı, nəzakəti, alicənablığı və qonaqpərvərliyi üçün çox darıxacağımı düşünürəm. Burada heç vaxt özümü yad hiss etmədim. Bəlkə də elə buna görə ayrılıq bu qədər çətindir.

Türkiyə-Azərbaycan qardaşlığı hər yerdə
Türkiyə-Azərbaycan qardaşlığı hər yerdə

Bir də Bakı üçün darıxacağam. Xəzərin qoxusu, sahili, şəhərin axşamları, bəzən heç bir işim olmadığı halda gəzdiyim küçələri… Amma düşünürəm ki, ən çox “evimdəyəm” hissi üçün darıxacağam. Çünki insan bir yerdə uzun müddət yaşadıqda, ora artıq sadəcə iş yeri olmaqdan çıxır. Həyatının bir hissəsinə çevrilir. Azərbaycan da mənim üçün məhz belə oldu.

Türkiyəyə qayıdacağam, Ankarada həyatımın yeni bir dövrü başlayacaq. Amma Azərbaycandan tamamilə ayrılacağımı düşünmürəm. Çünki burada keçirdiyim səkkiz il həyatımın və jurnalistlik hekayəmin bir hissəsi kimi mənimlə birlikdə gələcək. Azərbaycandan ayrılıram, amma Azərbaycan məndə qalır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.