BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslər üçün müyəssərlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə vizual monitorinqlərə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Monitorinqlər Nazirlər Kabinetinin “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”na və Monitorinq Komissiyasının 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq aparılır. İlkin mərhələdə Abşeron rayonunu əhatə edən monitorinqlərə SXA-nın əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaş və könüllüləri, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı və əlilliyi olan şəxslər də cəlb edilib”.
Daha sonra xəbərdə, “nümayəndələr tərəfindən təhsil, tibb, mədəniyyət müəssisələri, habelə ictimai iaşə, kommersiya və digər obyektlərdə əlilliyi olan şəxslər üçün müyəssərlik vəziyyəti qiymətləndirilib, obyektlərin giriş və çıxış imkanları, bina daxilində hərəkət və xidmətlərdən istifadə imkanları, eləcə də əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin olunması ilə bağlı digər tələblər nəzərdən keçirilib. Monitorinqlərin məqsədi əlilliyi olan şəxslərin müxtəlif xidmətlərdən və infrastrukturdan bərabər və maneəsiz istifadə imkanlarını qiymətləndirmək, mövcud müyəssərlik vəziyyətini müəyyənləşdirmək və bu sahədə təkmilləşdirmə istiqamətlərini müəyyən etməkdir” deyə qeyd edilir.
Vizual monitorinqlərin növbəti mərhələdə Şəmkir, Sabirabad, Astara və Cəlilabad rayonlarında keçirilməsi nəzərdə tutulur.






İlk şərhi yaza bilərsiniz