İsgəndər SƏRDARLI
BAYRAQDAR MEDİA – Bu gün görkəmli alim, professor, AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Cumayıl oğlu Mərdanovun 80 yaşı tamam olur.
Misir müəllimi uzun illərdir tanıyırıq. Bu illər ərzində onun elm və təhsil sahəsindəki çoxşaxəli fəaliyyətini, ziyalı mövqeyini, Qərbi Azərbaycanın tarixi-mədəni irsinə münasibətini yaxından müşahidə etmişik. Lakin bizim üçün Misir müəllimlə bağlı ən dəyərli məqamlardan biri onun yaradıcılığımıza və mədəni irsin qorunması istiqamətində apardığımız fəaliyyətə göstərdiyi xüsusi diqqət və qayğıdır.
O, gördüyümüz işləri həmişə yaxından izləyib, tətbiqi sənət nümunələrimizə, mədəni irslə bağlı layihələrimizə yüksək dəyər verib. Xüsusilə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılması, qorunması, yaşadılması və tanıdılması istiqamətində həyata keçirdiyimiz layihələr onun diqqətindən kənarda qalmayıb.
Misir müəllimin münasibətini bizim üçün dəyərli edən yalnız söylədiyi xoş sözlər deyil. O, bu işlərə vaxt ayırıb, tədbirlərimizdə iştirak edib, fikirlərini bölüşüb, öz ağsaqqal tövsiyələri ilə gördüyümüz işlərə mənəvi dəstək verib. Üstəlik, bunu heç vaxt formal münasibət səviyyəsində etməyib. İmkanı olduqca tədbirlərimizdə böyük məmnuniyyətlə iştirak edib, bizimlə birlikdə olub.
Ailəsi ilə birlikdə “Sərdar Sandıq Ocağı”nı ziyarət etməsi də yaddaşımızda xüsusi yer tutur. Bu məkan bizim üçün sadəcə tətbiqi sənət nümunələrinin nümayiş etdirildiyi bir ünvan deyil. Burada Azərbaycan mədəni yaddaşının müxtəlif qatlarını sandıq və mücrü obrazı vasitəsilə yaşatmağa, araşdırmağa və gələcək nəsillərə çatdırmağa çalışırıq. Misir müəllimin bu məkanı ailəsi ilə birlikdə ziyarət etməsi bizim fəaliyyətimizə göstərdiyi diqqətin və səmimi münasibətinin daha bir ifadəsi idi.
Qərbi Azərbaycanın mədəni irsinə həsr etdiyimiz tədbirlərdə onun iştirakı isə bizim üçün daha xüsusi məna daşıyır. Çünki o, həmin tədbirlərdə həm doğma yurdun yaddaşını daşıyan ziyalı, həm də Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri kimi iştirak edib. Onun hər bir belə tədbirə vaxt ayırması, böyük məmnuniyyətlə qatılması bizim üçün xüsusi dəyər daşıyıb.
Bizim üçün bu münasibətin daha bir vacib tərəfi var: mədəni irsin qorunması ilə məşğul olan insan üçün onu anlayan və gördüyü işin dəyərini bilən ziyalının dəstəyi böyük mənəvi gücdür. Misir müəllimin illər ərzində göstərdiyi qayğı və sayğı bizim üçün məhz belə bir mənəvi dayaq olub.
Bu gün, Misir müəllimin 80 illik yubileyində ona yalnız bir alimin, professorun, keçmiş təhsil nazirinin və Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası sədrinin yubileyi kimi deyil, bizim yaradıcılıq yolumuza yaxından şahidlik etmiş, bu yola öz diqqəti və ağsaqqal dəstəyi ilə dəyər vermiş böyük bir ziyalının əlamətdar günü kimi yanaşırıq.
Bu əlamətdar yubileyə daha bir sevindirici hadisə də xüsusi məna verir. Misir müəllimin Azərbaycanın ali dövlət təltiflərindən biri olan “Şərəf” ordeni ilə təltif edilməsi xəbərini biz də böyük sevinclə qarşıladıq. Bu münasibətlə onu ayrıca təbrik edirik. Uzun illər ərzində elm, təhsil və ictimai fəaliyyət sahələrində gördüyü işlərə, Azərbaycanın ziyalı mühitinə verdiyi töhfələrə nəzər saldıqda, bu yüksək dövlət təltifinin onun 80 illik ömür yoluna verilən əlamətdar qiymətlərdən biri olduğunu düşünürük.
Bizim üçün xüsusilə xoşdur ki, Misir müəllim özü də bu təltifə böyük sevinc hissi ilə yanaşır. Telefon söhbətlərimizdə bu sevincini bölüşməsi bizim üçün də səmimi bir duyğu oldu. İnsan üçün ömrünün mühüm bir mərhələsində dövlət tərəfindən əməyinə verilən belə yüksək qiymətin mənəvi əhəmiyyəti böyükdür.
Hörmətli Misir müəllim!
Sizi 80 illik yubileyiniz və “Şərəf” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, elmi yaradıcılığınızda və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Arzu edirik ki, bundan sonra da doğma yurdun yaddaşının, Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması yolunda zəngin təcrübəniz, müdrik sözünüz və ağsaqqal dəstəyiniz daim bizimlə olsun.
80 yaşınız mübarək, hörmətli Misir müəllim!
“Şərəf” ordeniniz mübarək!
Sizə dərin hörmət və ehtiramımızla.






İlk şərhi yaza bilərsiniz