BAYRAQDAR MEDİA – İğdırda ekoloji maarifləndirmənin artırılması və şagirdlərdə yaşanabilir ətraf mühit şüurunun formalaşdırılması məqsədilə həyata keçirilən “Mənim şəhərim, mənim evim” layihəsi davam edir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində İğdırın mərkəzində yerləşən Aşağı Ərhacı orta məktəbində ətraf mühitin təmizlənməsi aksiyası keçirilib. Məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin tam heyətlə iştirak etdiyi tədbirdə məktəbin ətrafı və yaxın ərazilər təmizlənib. Şagirdlər müəllimlərinin rəhbərliyi ilə ətrafa atılmış tullantıları toplayaraq onları təkrar emala və tullantı toplama məntəqələrinə yönləndiriblər.
“Mənim şəhərim, mənim evim” şüarı ilə hərəkət edən şagirdlər həm də şəhərlərin təmiz saxlanılmasının və təbiətin qorunmasının vacibliyinə diqqət çəkiblər. Tədbir zamanı gələcək nəsillərə təmiz dünya qoymağın əhəmiyyəti şagirdlərə praktiki şəkildə izah olunub. Məktəblilərin və müəllimlərin bu birgə təşəbbüsü kənd sakinləri və ətraf ərazidə yaşayanlar tərəfindən rəğbətlə qarşılanıb. Məktəb rəhbərliyi uşaqlarda ekoloji məsuliyyət və aidiyyət hissini gücləndirən belə layihələri davam etdirəcəklərini bildirib.






İlk şərhi yaza bilərsiniz