BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə Bankın “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına göstərdiyi dəstək, eləcə də əməkdaşlığın dənizdə külək enerjisi potensialından istifadə istiqamətində genişləndirilməsi yüksək qiymətləndirilib. Azərbaycan Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə MCDF-in Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” və “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə qrant sazişləri imzalanıb. Sənədləri Azərbaycan Hökuməti adından P. Şahbazov, AIIB tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb”.
Daha sonra xəbərdə, “P.Şahbazov deyib: “Bu sazişlər Azərbaycanın Xəzər dənizində külək enerjisinin genişmiqyaslı inkişafı və yaşıl enerjinin regional və qitələrarası ötürülməsi üzrə strateji hədəflərinə beynəlxalq dəstəyin növbəti təzahürüdür. Bu əməkdaşlıq bir tərəfdən dənizdə külək enerjisinin mənimsənilməsi üçün zəruri sahil infrastrukturunun inkişafına, digər tərəfdən isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin formalaşdırılmasına xidmət edir. Hər iki layihə Azərbaycanın zəngin bərpa olunan enerji potensialının iqtisadi dəyərə çevrilməsi, Xəzər və Mərkəzi Asiyanın yaşıl enerji resurslarının ixracı, ölkəmizin regional enerji inteqrasiyasında strateji rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycanın yaşıl enerji təşəbbüslərinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”” deyə qeyd edilir.
Xəbərdə həmçinin diqqətə çatdırılır ki, “bankın baş investisiya direktoru Konstantin Limitovski isə bildirib ki, bu, AIIB-in MCDF tərəfindən dəstəklənən “Xəzər Yaşıl Enerji Dəhlizi” və “Azərbaycanda genişmiqyaslı dəniz külək elektrik stansiyasının yaradılmasını dəstəkləyən sahil infrastrukturu” layihələri üzrə Azərbaycanla imzaladığı ilk iki qrant sazişidir. Bu mühüm mərhələ layihələrin hazırlanması sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır, dayanıqlı enerji infrastrukturuna gələcək investisiyaların cəlb edilməsinə və regional bağlantıların gücləndirilməsinə zəmin yaradır. Qrant sazişləri “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması”na 1 milyon ABŞ dolları və irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına isə 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur”.






İlk şərhi yaza bilərsiniz