BAYRAQDAR MEDİA – Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) “Turkchem Azerbaijan 2027” beynəlxalq kimya sənayesi sərgisinin strateji tərəfdaşıdır.
Bu barədə TÜİB-dən məlumat verilib.
Bildirilib ki, 2027-ci il 6–8 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi Türkiyənin beynəlxalq sərgi təşkilatçılığı sahəsində fəaliyyət göstərən “Artkim Fuarcılık A.Ş.” şirkətinin koordinasiyası, Azərbaycanda fəaliyyət göstərən TÜİB üzvü “Echo Global” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və TÜİB-in strateji tərəfdaşlığı ilə həyata keçiriləcək.
Kimya və petrokimya sənayesinin geniş spektrini əhatə edən “Turkchem Azerbaijan” çərçivəsində əsas və xüsusi kimyəvi maddələr, neft-kimya məhsulları, laboratoriya və istehsal texnologiyaları, proses avadanlıqları, ölçmə, sınaq və analiz sistemləri, qablaşdırma texnologiyaları və digər əlaqəli sahələr üzrə məhsul və həllər təqdim olunacaq. Sərgidə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərin məhsul və texnologiyalarının təqdim olunması, eləcə də yeni əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.
Sərginin əsas məqsədi Türkiyə şirkətlərinin, ilk növbədə, Azərbaycan olmaqla, Qafqaz, Mərkəzi Asiya və Xəzər regionu bazarlarına çıxış imkanlarını genişləndirmək, yeni ticarət və texnoloji əməkdaşlıqların qurulmasına şərait yaratmaq, həmçinin Türkiyənin regional ixrac potensialının artırılmasına töhfə verməkdir.
Bununla yanaşı, “Turkchem Azerbaijan 2027”nin yalnız sərgi platforması kimi deyil, Türkiyə ilə Azərbaycan arasında sənaye və ticarət əlaqələrinin üçüncü ölkələrin bazarlarına çıxarılmasına imkan verən davamlı regional əməkdaşlıq platforması kimi inkişaf etdirilməsi hədəflənir.
Sərgi yerli və beynəlxalq şirkətlər üçün yeni işgüzar əlaqələrin qurulması, potensial tərəfdaşların müəyyənləşdirilməsi, məhsul və xidmətlərin təqdim olunması, yeni bazarlara çıxış imkanlarının araşdırılması və regional biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm imkanlar yaradacaq.
TÜİB yerli sahibkarları, sənaye müəssisələrini və biznes nümayəndələrini “Turkchem Azerbaijan 2027” beynəlxalq sərgisində iştiraka dəvət edir. Sərgidə iştirak şirkətlərə beynəlxalq bazarlarda mövqelərini gücləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanla digər region ölkələri arasında sənaye və ticarət əməkdaşlığının inkişafında iştirak etmək imkanı verəcək.
Sərgi haqqında ətraflı məlumat:https://turkchem.az/en/home
İştirakla bağlı əlaqə:
Əlaqələndirici şəxs: Narmina Spatar
Telefon: (+994 10) 239 66 88
E-poçt: narmina.spatar@echoglobal.az






İlk şərhi yaza bilərsiniz