BAYRAQDAR MEDİA – Türkiyə qardaşdır. Vaz keçməyəcəyimiz bir dövlətdir bizim üçün. Türkiyədə dövlətin başında kim olursa olsun, biz Azərbaycanlılar o dövləti sevirik, sevəcəyik, ona bağlıyıq. Yəni bəzən Türkiyə ilə bağlı kimlərsə tənqid səsləndirəndə qardaş ölkədə kimlərsə ayağa qalxıb iddia edir ki, Azərbaycanlılar bizə qarşı çıxdı-filan.
Amma…
Amma Azərbaycanda dövlətin bir qırmızı cizgisi var Türkiyə məsələsində. Bizim heç bir dövlət rəsmimiz Türkiyə ilə bağlı qırmızı cizgiləri aşmaz, hətta mümkün qədər çalışar ki, ümumi ictimai rəydə də qardaş ölkəyə dil uzadılmasın.
Təbii ki, belə bir yanaşma – durum təsadüfi deyil. Biz axı, Ulu öndər Heydər Əliyevin sözü ilə desək, “Bir millət – iki dövlət”ik. Bu baxımdan Türkiyə həm də biz Azərbaycanlıların dövlətidir. Buna görə dövlətimizin başındakılar qardaş ölkəyə yanaşmada ayrı bir həssaslıq – üstün sayğı nümayiş etdirir.
Biz Azərbaycanlılar eyni münasibəti qardaş Türkiyədən də gözləməkdə haqlıyıq. Çünki qardaşlıq məhz bunu zəruri edir, münasibətlər bərabərhüquqlu olmalı, qarşılıqlı sayğıda, qırmızı cizgilərdə qüsura yol verilməməlidir…
Yenə də bir amma…
Amma görünən odur ki, son dönəmlər Türkiyədən Azərbaycana dillər uzadılır. Əslində daha əvvəl də oradan buraya dillər uzadılıb. Lakin çox da bənd olmamışıq. Bilmişik ki, iki dövlətin və xalqın arasına nifaq toxumları səpmək istəyən üçüncü qüvvələr qardaşlığımızı həzm edə bilmir, bizi qarşı-qarşıya gətirmək istəyirlər. Həm də belə hallarda qardaş ölkənin rəsmilərindən kimsə açıqlama yayaraq Azərbaycana uzadılan dillərə yerini göstərib, bu da bizi qane edib…
İndi isə…
İndi isə baxırıq ki, həftələrdir Türkiyədə bir anti-Azərbaycan ruzigarı əsir! Əssin də, amma gözəlim Türkiyə dövlətinin rəsmilərindən kimsə önə çıxıb bu ruzigara qarşı nəsə demək belə istəmir! Demirik ki, Cümhurbaşqanı Recep Tayyip Erdoğan səviyyəsində nəsə desinlər, ən azından hansısa bir məmur bunu edə bilər də!
Etmədilər uzun müddət. İmkan verdilər ki, kimlərsə anti-Azərbaycan kampaniyasını daha da körükləndirsin. Biz isə Bakıda oturub qardaş ölkəyə yumşaq bir dillə çağırışlar etdik, onlardan gözləntimizi nəzakətlə dilə gətirdik, istədik ki, kimsə çıxıb alovların üzərinə su səpsin…
Səpdilər…
Lakin çox gec səpdilər o suyu. Özü də hakim AK Parti rəsmisinin dilindən. Bunu belə fürsət bildik, münasibətlərin daha irəli daşınması üçün çalışırdıq ki, bir də baxdıq yenə də bir dinçi yobaz çıxıb iki ölkə münasibətlərini bərbad edəcək açıqlama verdi! Özü də rəsmi vəzifəsi olan birisi: Cümhurbaşqanı baş müşaviri Oktay Saral! Yəni belə bir vəzifə sahibinin özbaşına durub da Azərbaycana dil uzatması heç ağlabatan ola bilməz!
Biz də ona uyğun dildə cavab vermək məcburiyyətində qaldıq. Şəxsən özüm adamın sosial media hesabında etdiyi və Azərbaycana qarşı zorbalıq kimi dəyərləndirilə biləcək paylaşımına, “Sən də kimsən axı, adam? Get, o kirli burnunu Azərbaycanın iç işlərinə soxma! Kimsən, öz ölkəndəsən, öz işinə bax! Mövzunun da “inanc gərəyi” deyil, “İran gərəyi başörtüsü” olduğunu öyrən hələ…”
Məcbur olduq bu cür dildə cavab verməyə! Yəni özləri məcbur etdilər!
İndi kimsə deyə bilər ki, bəlkə tələsməsəydik? Bəlkə ardınca başqa və daha ağıllı bir açıqlama gələ bilərdi-filan. Əsla gözləmirəm! Çünki din adı altında ərəb sevgisi bunların gözünü o qədər örtüb ki, doğma qardaşları olan Azərbaycana belə arxa çevirib dil uzadırlar! Nəymiş? İslammış, dinmiş, din qardaşlığı, təəssübü imiş! Biz axı həmişə demişik, Türkiyə ilə biz “bir ümmət – iki dövlət deyilik”, “Bir millət – iki dövlət”ik! Yəni din məsələsi bizi nə birləşdirə, nə də ayıra bilər…
Bir də diqqətimizi çəkən başqa məqam var. Azərbaycan həftələrdir (əslində, aylar və illərdir) Türkiyədə hədəf alındığında bunlar belə çevik reaksiya verməyə heç tələsmirlər. Amma oktyabrın 12-də Bakıda İrana bağlı təxribatçı qruplar məktəblərə terror hücumları edir, qapıları qırır, əl qədəri uşaqları qorxudur, müəllimləri döyməyə qalxır, dərsləri pozur, adını da “hicab davası” qoyur, üzərindən bir neçə saat keçmiş qardaş Türkiyə Cümhurbaşqanının baş müşaviri durub hədsiz bir şəkildə Azərbaycana dil uzadır! Halbuki biz belə ədəbsiz dil uzatmanı hadisələrin arxasındakı İranın rəsmi məqamlarından gözləyirdik. Olsaydı, heç təəccüb edən də deyildik. Di gəl ki, qardaşımız bizə qənim kəsilmiş İranı belə kölgədə qoydu, Azərbaycana dil uzatdı!
Nə idi bu tələskənlik, Türkiyəm? Bəlkə özəl kanallarla dövlətimizin yetkililəri ilə danışaydınız? Olmazdımı? Bəlkə sizə elə bir izah veriləcəkdi ki, (hərçənd buna da məcbur deyilik) bizi dəstəkləyən açıqlamaya zərurət duyacaqdınız? Necə oldu ki, bizi söyənlərlə bağlı həftələrlə susdunuz, tələsmədiniz, amma Bakıda açıq terror olaylarına belə sürətlə reaksiya verdiniz?
Olmaya?..
Olmaya… dilim də gəlmir deyəm… Bakıdakı olayların arxasında İranla bərabər gözəlim Türkiyəm də var? Cümhurbaşqanının baş müşavirinin paylaşımına baxsaq, belə düşünməyə tam əsasımız var! İstəməzdik belə olsun, amma görünənlər də bizi təəssüflə belə düşünməyə vadar edir…
İndi ki, belə oldu, demək məcburiyyətindəyik. Türkiyə dövlət olaraq bizim üçün əziz və vazkeçilməzdir. Yəni o dövlətin başındakılar bizə dil belə uzatsa, Azərbaycan olaraq Türkiyədən vaz keçən deyilik. Lakin bir həqiqəti də qardaş ölkədə dərk etməlidirlər ki, qardaşlıq öz yerində, hər kəs həddini və yerini biləcək! Necə ki, bizim dövlətimizin rəsmiləri qardaş ölkənin iç işlərinə heç bir şəkildə müdaxilə etmir, Türkiyəyə yol göstərib ağıl vermir, Ankarada oturanlardan da eyni münasibəti gözləmək haqqımızdır.
Özlədik…
Atatürk Türkiyəsini özlətdiniz bizə! Açıq deyirəm, qardaşlığımızın arasına din girincə, əsl qardaşın kim olduğu aydınlaşır. Ankarada oturanların əsl qardaşı biz türklər deyilmişik, özlərini dininə bağlayıb milli kimliklərini belə ayaqlar altına atdıran islam dini adı altındakı ərəb kültürüdür! Haradasan, Mustafa Kemal Paşa? Sənin qurub millətə əmanət etdiyin, ərəblərin cəhalətindən xilas edib irəli daşıdığın o gözəlim Türkiyə Cümhuriyyəti yenidən ərəb zehniyyətinə təslim edilib axı! Çıxsın yeni bir Atatürk artıq! Türklük Türkiyəyə, türk də özünə dönsün!
Yoxsa…
Yoxsa kimlərinsə bu ərəb sevdası üzündən dünya türkləri yenə də param-parça olub o müqəddəs qızıl alma ideallarını ertələməli olacaq…
Bir də sözüm qardaş Türkiyədəki milliyyətçi kəsimədir: bu mərhələdə səsinizi daha gur eşitməyə çox ciddi ehtiyac yaranıb. Səsiniz gəlsin…





İlk şərhi yaza bilərsiniz