Əvəz Quliyev: Mikrosahibkarlıq subyektlərinin böyüməsi və daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zamanı yaranan vergi yükü əhəmiyyətli dərəcədə optimallaşdırılmış olacaq
BAYRAQDAR MEDİA – “Növbəti il üçün Vergi Məcəlləsində dəyişikliklər layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir. Hər il olduğu kimi, bu il də təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir. Bu baxımdan əsas yeniliklərdən biri mikrosahibkarlıq subyektlərinin böyüməsinin təşviq edilməsidir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev mediaya müsahibəsində deyib.
Qeyd edilib ki, mikrosahibkarlıq subyektləri dövriyyəsi 200 min manatadək, işçilərinin sayı isə 10 nəfərədək olan sahibkarlıq subyektləridir: “Hazırda qanunvericilikdə bu kateqoriyaya aid sahibkarlar üçün müəyyən vergi güzəştləri nəzərdə tutulub. Lakin mikrosahibkarlıq subyektləri digər sahibkarlıq kateqoriyasına keçdikdə, yəni dövriyyələri artdıqda və ya işçilərinin sayına görə kiçik və ya orta sahibkarlıq subyekti meyarlarına uyğun gəldikdə, həmin güzəştlərdən yararlana bilmirlər. Eyni zamanda, kateqoriyanın dəyişməsi nəticəsində onların vergi yükü də artır. Məhz bu yükün tənzimlənməsi və mikrosahibkarların böyüməsinin təşviq olunması məqsədilə növbəti ildən yeni mexanizmin tətbiqi təklif edilir. Qanunvericilikdə qəbul olunacağı təqdirdə, mikrosahibkarlıq subyekti olduğu əvvəlki dövrlərdə hesablanmış və ödənilmiş vergi məbləğləri sahibkar digər kateqoriyaya keçdikdən sonra yaranan vergi öhdəliklərindən 100 faiz həcmində çıxılacaq. Nəticədə mikrosahibkarlıq subyektlərinin böyüməsi və daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zamanı yaranan vergi yükü əhəmiyyətli dərəcədə optimallaşdırılmış olacaq”.
Dəyişikliyə əsasən, kiçik sahibkarlara 5 il müddətinə gəlir və mənfəət vergisi üzrə 25 faiz güzəşt təklif olunur. Bu imkandan hansı sahibkarların yararlana biləcəyinə gəlincə Əvəz Quliyev bildirib ki, söhbət son iki il ərzində kiçik sahibkarlıq subyekti meyarlarına cavab verən, yəni dövriyyəsi və işçi sayı müvafiq meyarlara uyğun olan sahibkarlıq subyektlərindən gedir: “Eyni zamanda, həmin subyektlərin dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən az azalmamalı, əvvəlki ilin sonuna isə vergilər və digər icbari ödənişlər üzrə borcu olmamalıdır. Məhz bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektlərinin mənfəət vergisi üzrə hesablanan vergi məbləğinin 25 faizi həcmində güzəştdən yararlanması nəzərdə tutulur”.






İlk şərhi yaza bilərsiniz