BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yaranması halları qeydə alınır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Nazirliyin “112” qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur. Daxil olmuş müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib. Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir”.
Daha sonra xəbərdə, “nəzərə alınmalıdır ki, mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Eyni zamanda, uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola bilər. Qeyd olunanları nəzərə alaraq, FHN bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz