Press "Enter" to skip to content

Azərbaycan-Vyetnam əlaqələrinin təməlləri

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Noyabrın 19-da Prezident İlham Əliyev uzaq Vyetnama rəsmi səfərə gedib. Ondan öncə isə Prezidentin mətbuat xidməti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsini yaymışdı.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi

Müsahibə olduqca maraqlı ayrıntılarla zəngindir. İndiki nəsil üçün yetərincə maraqlı ola biləcək bu ayrıntılar həm də Azərbaycan dövlətinin ta on illər öncədən, özü də Rusiyanın (SSRİ adı altında) işğalı altında olmasına baxmayaraq daha irəli hədəfləndiyini göstərir. Özəlliklə də Ulu öndər Heydər Əliyevin Sovet liderlərindən biri kimi 1983-cü ildə həmin ölkəyə uzun müddətli səfəri diqqət çəkəndir. Çünki o səfər nəzərdə tutulduğundan daha artıq – düz 8 gün davam etmiş, Heydər Əliyev Vyetnamla bugünkü müstəqil Azərbaycanın möhkəm əlaqələri üçün təməllər atmışdı.

Əlavə olaraq 5 minədək Vyetnamlı tələbənin Azərbaycanın ali təhsil qurumlarında oxuması, onların faktiki olaraq hazırda həmin ölkədə Azərbaycan diasporu rolunda olması da maraqlı faktlardandır.

Bizim diqqətimizi həm də o çəkir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2025-ci ildə uzaq Vyetnama səfər edərək orada da humanitar fəaliyyətlərlə məşğul olub.

Təbii ki, Prezident İlham Əliyevin özünün 2014-cü ildə həmin ölkəyə səfəri, eləcə də Vyetnam rəhbərlərinin sonrakı illərdə Azərbaycana gəlməsi müsahibədə ayrıca vurğulanır.

Ümumiyyətlə isə bu müsahibədə qısa, lakin ayrıntılı şəkildə qeyd edilir ki, Vyetnam coğrafi baxımdan Azərbaycandan çox uzaqda olsa da bizim dövlətimiz o dövlətə və onun xalqına biganə deyil, ikitərəfli münasibətlərin inkişafı üçün əlindən gələni edir.

Hələ o maraqlıdır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən olan Vyetnam o yüksək tribunadan Azərbaycanın haqq səsinə səs də verib.

…Belə baxanda Vyetnam hara, biz hara? Qanı qanımızdan, canı canımızdan deyil. Heç dərin tarixdə də üz-üzə gəlməmişik. Amma onların bizə, bizim də onlara bu qədər isti münasibətimiz, əslində çox gərəklidir. Hər iki tərəfə. Ona görə də Heydər Əliyev Sovet rəhbərlərindən biri kimi bugünləri düşünərək Vyetnamla münasibətlərdə də bir dərin təməl atmağı bacarıb və nəticələri də ürəkaçandır.

Ümumiyyətlə isə Vyetnamla bu isti münasibətlər bütövlükdə Cənub-Şərqi Asiyada Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün əlavə və əvəzedilməz imkandır. Düzdür, o bölgənin digər dövlətləri ilə də yaxşı münasibətlərimiz var. Amma beynəlxalq münasibətlər sistemi elə bir dinamik sahədir ki, burada nəinki Vyetnam kimi böyük, hətta ən kiçik dövlətin də öz yeri var. O baxımdan Azərbaycanın Vyetnama belə önəm verməsi, fərqli siyasi sistemlərdə olsaq da onunla münasibətləri yüksək səviyyədə davam etdirməsi sadəcə strateji uzaqgörənlikdir. Bu uzaqgörənliyin təməli hələ Sovetlər dönəmində Heydər Əliyev tərəfindən atılıb, indi də İlham Əliyev onun üzərində dayanıqlı münasibətlər sistemi qurmağı bacarıb.

Yeri gəlmişkən, Vyetnamın ərazisi Azərbaycandan 4 dəfə artıq – 331 min kv. km.-dir. Əhalisi isə bizdən düz 10 dəfə çox – 102 milyon nəfər olmaqla dünyada 16-cı yerdədir. Yəni çoxsaylı əhali, geniş ərazi və təbii sərvətlər potensialı olan Vyetnam Azərbaycanın özəlliklə də yeni dünyadakı imkanlarının istifadəsi üçün əlavə və əlverişli bir platformadır. Vyetnam bizim üçün yeni iqtisadi imkanlar, siyasi işbirliyi, həm də turizm baxımından cəlbedicidir. Elə Azərbaycan da Vyetnam üçün deyilən faktorlara görə əla seçimdir.

Bu baxımdan Prezident İlham Əliyevin səfəri, özəlliklə də Qərb ölkələrinə səfərlərin ardından çox yerinə düşür. Yəni biz bir yönə deyil, çox yönə istiqamətlənirik, çoxşaxəli – alternativlərlə zəngin, riskləri mümkün qədər azaldacaq fəaliyyətlə sabahımızı təminat altına alırıq. Vyetnam da Azərbaycanın üstün alternativlərindən biri kimi diqqət çəkməyə bilməz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.