BAYRAQDAR MEDİA – “Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında fermerlərə dəstəyin gücləndirilməsi və rəqəmsal xidmətlərdən istifadənin təşviqi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “memorandumun əsas məqsədi fermerlərə bəyan prosesinin həyata keçirilməsində dəstək göstərilməsini nəzərdə tutan “Rəqəmsal Bələdçi” layihəsinin icrasına başlamaqdır. Tərəflər əməkdaşlığın qurulmasında göstərilən təşəbbüsə görə təşəkkürlərini bildirib, “Rəqəmsal Bələdçi” layihəsinin fermerlərin bəyan prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına və onlara yerində praktiki dəstəyin göstərilməsinə töhfə verəcəyini vurğulayıblar. Həmçinin aqrar sahədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və fermerlərin müvafiq xidmətlərdən istifadəsinin asanlaşdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub”.
Daha sonra xəbərdə, “qeyd edək ki, layihə çərçivəsində “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının könüllüləri “Zirvə Agro” MMC-nin regionlarda yerləşən filiallarında fəaliyyət göstərəcək, müraciət edən fermerlərə bəyan prosesinin həyata keçirilməsində kömək edəcəklər. Bu təşəbbüs vasitəsilə fermerlərin rəqəmsal xidmətlərdən daha rahat istifadəsinə şərait yaradılması və onların məlumatlılığının artırılması nəzərdə tutulur. “Rəqəmsal Bələdçi” layihəsinin tərəflər arasında əməkdaşlığın inkişafına, könüllülərin aqrar sahədə fəaliyyətinin genişlənməsinə və fermerlərə göstərilən dəstəyin daha əlçatan olmasına töhfə verəcəyi gözlənilir” deyə bildirilir.
Görüş xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz