Press "Enter" to skip to content

Güllər şəhəri Kırşehir

Mehmet SÖNMEZ

Mehmet SÖNMEZ

BAYRAQDAR MEDİA – Kırşehir Aşık Paşa 12-ci Beynəlxalq Şeir Görüşləri münasibəti ilə yolumuz könül dünyamızın müstəsna dayanacaqlarından biri olan Güllər Şəhərinə düşdü.

Şəhərə yaxınlaşarkən maşının şüşəsindən ətrafa baxanda ucsuz-bucaqsız çöl və ağacların sanki nazlandığı quraq bir coğrafiya qarşılayır sizi. Məhz o mənzərəyə baxarkən bu torpaqlarla adı eyniləşdirilmiş böyük ozan Neşet Ertaşa nəyə görə “Çölün tazənəsi” deyildiyini insan iliklərinə qədər hiss edir. O quru çölün bağrından qopub gələn yanıqlı türkülər bu torpağın susuzluğunu sanki könül bulaqları ilə söndürüb.

Bəs Neşet Ertaş bu şəhərin yeganə gülüdür? Əlbəttə, yox. Kırşehir elə bir mənəvi iqlimdir ki, hansı daşı qaldırsanız, altından bir könül sultanı, bir elm abidəsi çıxır. Konya deyəndə Mövlana, Ankara deyəndə Hacı Bayram-ı Vəli yada düşür, bəs Kırşehiri gülüstana çevirən gülləri saymaqla qurtarmaq olarmı?

Anadoluda türkcənin bayraqdarı olan, ərəb və fars dillərinin hakim olduğu bir dövrdə xalqın öz ana dilindən qopmaması üçün “Qəribnamə” kimi ölməz bir əsər qələmə alan böyük mütəsəvvif Aşıq Paşa bu şəhərin ən nadir güllərindən biridir.

Onun lap yaxınlığında alın tərini əxlaq və qardaşlıqla yoğuran Ahilik təşkilatının qurucusu Ahi Evran-ı Vəli ucalır. Meydandakı heykəlindəki o məşhur ilan fiquru “böyük ilan, əjdaha” mənasını verən “Evran” adının da qaynağıdır. Bu simvol onun təkcə bir sənətkar-ticarət lideri deyil, həm də zəhərdən şəfa yaradan bir həkim və dərini sənətə çevirən usta bir dabbaq olduğunun da nişanəsidir.

Çölün ortasında açan bu güllərin ən təəccüblüsü isə adını burada eşidəndə heyranlıq içində qaldığım böyük türk alimi Cacabeydir. XIII əsrdə məhz özünün qurduğu dünyanın ilk astronomiya/rəsədxana mədrəsələrindən birinin içində uyuyan bu böyük alimin əsəri Güllər Şəhərinin tam mərkəzində, 39° 08′ 48” Quzey paraleli ilə 34° 09′ 38” Doğu meridianının kəsişdiyi nöqtədə ucalır.

Xarici fasadındakı daş işləmələrinə baxanda gözlərinizə inanmırsınız: bugünkü raket siluetlərini xatırladan o naxışlar və ən yuxarıdakı fiqurun sanki atəşlənmiş kimi görünməsi insanı dərin düşüncələrə aparır. Rəvayətə görə, monqollar şəhəri yandırıb-yıxanda belə bu elm ocağının sirrinə toxuna bilməyiblər; lakin Cacabeyin səmaya dair çəkiliş və hesablamaları zamanla fərqli əllərə keçib. Bu gün UNESCO Dünya İrsinin Mənəvi Miras Siyahısında yer alan bu əsərin banisi Cacabeyin səkkiz yüz il əvvəl səma və astronomiya elminə işıq tutduğunu neçəmiz bilirik?

Kırşehirin mənəvi coğrafiyası təkcə şəhər mərkəzi ilə də məhdudlaşmır. Yaxın coğrafiyada Xorasandan aldığı hikməti Anadoluya maya edən, “İncinsən də incitmə” düsturu ilə xoşgörünün məhək daşı olan Hacı Bektaş-ı Vəlinin nəfəsi hiss olunur. Ulupınar kəndi yaxınlığındakı Ziyarettepedə uyuyan məqamı və o torpaqlara hopmuş nəfəsi ilə Yunus Emre də buram-buram bu coğrafiyadan xəbər vermirmi? Şeyx Edebalinin elm aldığı, neçə-neçə alimin yetişdiyi bu torpaqlar Anadolu irfanının mayalandığı yerdir.

Və nəhayət; bu köklü təsəvvüf və ozanlıq ənənəsinin son böyük təmsilçisi, sazı və sözü ilə Türkiyəyə səs salmış Neşet Ertaş… Atası Muharrem Ertaş və Abdallıq ənənəsinin digər böyük ustadları ilə birlikdə bu torpaqların səsini əbədiləşdirib.

Bu qədər elm, irfan, sənət və könül əhlini öz qoynunda birləşdirmiş olan Kırşehir layiq olduğu marağı və dəyəri görə bilibmi? Hansımız “çöldür” deyib ötüb keçdiyimiz bu şəhərin belə dərin bir mədəniyyət xəzinəsinə ev sahibliyi etdiyini haqqı ilə bilirik?

Bu güllər şəhərinin yaşayan fədakar insanlarından da bəhs etməsəm, haqsızlıq etmiş olaram. Aşıq Paşa Beynəlxalq Şeir Festivalını təşkil edən, türklüyün adını Kırşehirdən hayqıran KIYŞAD (Kırşehir Yazıçılar və Şairlər Dərnəyi) sədri Veysel Turgut bəyə, Erol Kılıç bəyə və fəxri olaraq bizi yalqız buraxmayan Savaş Aslanderə sonsuz təşəkkürlərimi bildirirəm.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.