Press "Enter" to skip to content

Rusiya məhkəməsində …Qazaxıstan mediasına qarşı iddia…

Qazaxıstan

Son yeniləmə: 2 Fevral 2023 22:24

Oxuyun və sözün həqiqi mənasında heyrətlənin…

BAYRAQDAR MEDİA – 2022-ci il fevralın 24-də əsassız və səbəbsiz yerə qonşu Ukraynaya hərbi təcavüz edən Rusiyada yalnız bu əməlin müəllifləri deyil, deyəsən başqa qurumların rəhbərləri də nə etdiklərinin fərqində deyil. İş ondadır ki, Rusiya məhkəmələrində qardaş Qazaxıstan mediasına qarşı iddialara baxılır və xarici ölkənin vətəndaşları bu ölkənin məhkəməsinə… çağırılır. Üstəlik, gəlməyəcəkləri təqdirdə məsuliyyət daşıdıqları barədə xəbərdarlıq da alırlar…

Durum belə olunca Qazaxıstanda fəaliyyət göstərən “Adil Söz” Beynəlxalq Söz Azadlığını Müdafiə Fondu (“Ədil söz” Söz bostandığın qorğau xalıqaralıq qorı) ölkənin informasiya və ictimai inkişaf naziri Darxan Qıdıraliyə və xarici işlər naziri Muxtar Tleuberdiyə müraciət etməli olub.

surəti BAYRAQDAR MEDİA-ya da daxil olan müraciətdə qeyd edilir ki, Qazaxıstanda qeydiyyatdan keçib ölkə ərazisində fəaliyyət göstərən ən azı 9 media qurumuna 2022-ci ildən bəri Rusiyanın dövlət qurumları tərəfindən iddialar irəli sürülüb. Bu iddiaları qonşu Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsi üzrə Federal Nəzarət Xidməti (Roskomnadzor) irəli sürür. Qurum tələb edir ki, Qazaxıstan mediası konkret materialları öz internet resurslarından silsin.

Daha sonra bildirilir ki, Qazaxıstan mediası xarici ölkənin dövlət qurumundan daxil olan bu qanunsuz tələbi yerinə yetirmədiyinə görə, Rusiya məhkəmələrinə çağırış alır.

“Adil Söz”ün prezidenti Karla Jamanqulovanın imzasıyla yayımlanmış müraciətdə belə bir absurd durumla bağlı Qazaxıstan dövlətinin atacağı addımlar haqqında bilgi istənilir. Eyni zamanda xarici ölkə məhkəmələrinin və dövlət qurumlarının hansı əsaslarla Qazaxıstan vətəndaşlarına qarşı belə davranması da sorğulanır.

Qeyd edək ki, bugünlərdə Qazaxıstanda fəaliyyət göstərən arbat.media adlı internet media qurumuna qarşı Rusiyanın Vladimir şəhərindəki Lenin Rayon Məhkəməsindən çağırış daxil olub. Özü də bu iddianı Rusiyanın hərbi prokurorluğu irəli sürüb. İddiaya səbəb, arbat.media-nın 2022-ci ilin sentyabrında “Rusiya işğalçıları Xarkov vilayətində məğlub olur, lakin bunu etiraf etmək istəmirlər” adlı məqalə dərc etməsi olub. Roskomnadzor hesab edirmiş ki, məqalədə Rusiya qanunlarını pozan informasiya varmış…

Gələn xəbərlərdə o da bildirilir ki, Roskomnadzor hələ 2022-ci ilin noyabrında məqalənin silinməsini tələb edib. Lakin rədd cavabı alıb. Arbat.media cavab olaraq bildirib ki, qurum Qazaxıstana aid media vahidi olaraq bu ölkənin qanunlarını pozmur və buna görə də materialın silinməsi üçün heç bir əsas yoxdur.

Xəbərlərdə deyilir ki, Qazaxıstanda fəaliyyət göstərən ratel.kz, vlast.kz, informburo.kz, The-Village-Kz.com, NewTimes.kz nəşrləri də Rusiyadan bənzər xəbərdarlıq alıblar…

Açığı, Rusiyanın dünyanı təəccübləndirməsi yeni bir şey deyil. Amma bu qədərini də gözləmək mümkün deyildi. Yəni bir ölkənin hansısa rayon məhkəməsi hansı ağılla və hansı qanun əsasında başqa bir ölkənin vətəndaşlarına və ya qurumlarına qarşı belə iddiaya baxa bilər? Özü də bilə-bilə ki, bu vətəndaşlar və bu qurumlar Rusiyanın qanunlarına hər hansı şəkildə tabe ola bilməzlər…

Mission News Theme by Compete Themes.