Press "Enter" to skip to content

Özbəkistanda Fikrət Əmirov üçün “Sevgimizin səması”

Konsertdən görüntü

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Dövlət Konservatoriyasının böyük zalında görkəmli Azərbaycan sənətçisi, SSRİ xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirova həsr olunmuş “Sevgimizin səması” adlı simfonik konsert keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 4-də sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “konsert F.Əmirovun məşhur “Şur” simfonik muğamı ilə başlayıb. Konsertdə AMM-nin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbə heyəti iştirak edib. Öncə konsertin rejissoru, Özbəkistanın Əməkdar incəsənət xadimi Andrey Slonim F.Əmirovun yaradıcılığı haqqında danışıb, onun irsinin musiqi sənəti üçün milli sərvət olduğunu qeyd edib. O, dahi bəstəkarın sənətə və insanlara fədakar xidmətini, yaratdığı misilsiz əsərlərin musiqi irsinin zəngin xəzinəsini bəzədiyini vurğulayıb. Rejissor F.Əmirovun simfonik muğam janrının əsasını qoyduğunu, bütün dünyada şöhrət qazanmış unudulmaz musiqi əsərləri yaratdığını vurğulayaraq AMM-nə konsertin keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib”.

Daha sonra xəbərdə qeyd olunur ki, “Beynəlxalq müsabiqələr laureatı Bobomurod Xudoykulovun rəhbərliyi ilə Özbəkistan Dövlət Konservatoriyasının nəzdindəki teatr — studiyasının simfonik orkestrinin ifasında F.Əmirova şöhrət gətirən əsərlər ifa olunub. Gecənin əsas kompozisiyasını solo hissəni Özbəkistanın əməkdar artisti Adiba Şaripovanın ifa etdiyi ərəb mövzularında fortepiano və orkestr üçün konsert təşkil edib. Adiba Şaripova ifaçılıq palitrasının bütün müxtəlifliyindən istifadə edərək orkestrlə birlikdə Şərqin böyük mədəniyyətinin rəngarəngliyini və çoxtərəfliliyini əks etdirən güclü, möhtəşəm əsər təqdim edib”.

Qeyd edək ki, tamaşaçılara ifa olunan hər bir musiqi əsərinə uyğun səhnələrdən ibarət video çarxlar təqdim olunub. Konsertə maraq böyük olub və görkəmli bəstəkarın təkrarsız əsərləri ifa olunduqca tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

Mission News Theme by Compete Themes.