Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan Kemal Kılıçdaroğludan öndədir

Hasan Öztürk

Son yeniləmə: 5 Aprel 2023 16:08

Hasan Öztürk: Hazırda “Cumhur İttifakı”nın namizədi Recep Tayyip Erdoğan “Altılı masa”nın və HDP-nin namizədi Kemal Kılıçdaroğludan öndədir

BAYRAQDAR MEDİA – “Türkiyədə seçkilərin keçiriləcəyi 14 may tarixinə 40 gündən də az qalıb. Bu prosesdə “Cümhur İttifakı” ilə “Millet İttifakı” arasındakı yarısı izləyirik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

O, qeyd edib ki, 6 fevral zəlzələsindən sonra Türkiyədə seçki gündəmi zəlzələdən zərər çəkənlərə və zəlzələdən sonra 11 vilayətin bərpasına yönəlik işlər üzərində formalaşdı: “Bu çərçivədə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və hökumət prosesi yaxşı idarə edir. Məhz bu istiqamətdə atılan addımlardan sonra “Bunu edərsə ancaq Erdoğan edə bilər” və ya “Yaraları indiki hakimiyyət sağalda bilər” deyən seçicilərin sayı artmağa başladı”.

Qeyd edilib ki, “Millet İttifakı” və ya “Altı masa”nın HDP tərəfindən açıq şəkildə dəstəklənməsi Türkiyədə milliyyətçi əhval-ruhiyyənin artması ilə birlikdə Kemal Kılıçdaroğluna qarşı mənfi rəy yaradıb: “Çünki Türkiyənin demək olar ki, hər şəhərində, hər rayonunda, hər məhəlləsində, hər küçəsində şəhidimiz var. Buna görə də terror təşkilatı PKK ilə birbaşa üzvi əlaqələri olan HDP-nin Cümhurbaşqanlığına namizəd irəli sürməməsi və Kemal Kılıçdaroğlununun lehinə fəaliyyət sərgiləməsi türk milləti tərəfindən birmənalı qarşılanmayıb. Eyni zamanda, “Erdoğan getsin, nə olursa olsun, birinci onu göndərmək bizim borcumuzdur” deyənlər də K.Kılıçdaroğlunun ətrafında möhkəmlənib”.

H.Öztürkün sözlərinə görə, ABŞ və Avropa Birliyinin təmsilçilərinin K.Kılıçdaroğluna və “Altılı masa”ya dəstək məqsədli mesajları da türk seçicilərinin millilik məsələsində həssaslığını artırıb: “Belə bir tabloda hazırda “Cumhur İttifakı”nın namizədi Recep Tayyip Erdoğan “Altılı masa”nın və HDP-nin namizədi Kemal Kılıçdaroğludan öndədir. Amma Türkiyədə Süleyman Demirəlin dediyi kimi, 24 saat da uzun bir müddətdir. Yəni seçkiyə qalmış müddət ərzində vəziyyətin necə dəyişəcəyini öncədən tam dəqiqliklə söyləmək asan deyil”.

Mission News Theme by Compete Themes.