Tahsin Ertuğruloğlu: “Bir gecədə hər şeyin düzələcəyi” gözləntisi ilə hərəkət etməmək, səbrli olmaq lazımdır
BAYRAQDAR MEDİA – “KKTC-Azərbaycan əlaqələri keçmişdən daha yaxşı mərhələdədir. Ancaq mən demək istəyirəm ki, bu, heç də asanlıqla reallaşan proses deyil. Hər kəs yaxşı bilməlidir ki, beynəlxalq aləmdə bu məsələ ilə bağlı işləri heç də düşünüldüyü kimi asan reallaşdırmaq olmur. Kifayət qədər ehtiyatlı, balanslı addımlar atılmalı, ölkələrin maraqları da mütləq nəzərə alınmalıdır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib. Qeyd edək ki, onun geniş və maraqlı məqamlarla zəngin müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.
Nazir qeyd edib ki, real siyasi arenada önəmli olan ölkələrin maraqlarının toqquşması deyil, uzlaşmasıdır: “Bir sözlə, “bir gecədə hər şeyin düzələcəyi” gözləntisi ilə hərəkət etməmək, səbrli olmaq lazımdır. Xüsusilə Batı dünyasının yaratdığı müxtəlif problemlər və sıxıntılar var. Bunları birlik və bərabərlik içərisində, zərər görmədən neçə həll edə biləcəyimizin yollarını tapmalıyıq”.
KKTC-nin xarici işlər naziri olaraq ilk dəfədir Bakıya səfər etdiyini deyən T.Ertuğruloğlu daha sonra aşağıdakıları vurğulayıb: “Mən KKTC-nin xarici işlər naziri olaraq ilk dəfədir Bakıya gəlirəm və bundan da son dərəcə xoşbəxtəm. Çünki bu çox önəmlidir. Keçmişdə bunun olacağını düşünmək belə çətin idi. Ancaq bu gün artıq Bakıdayıq. Bir sözlə, gedişat çox yaxşıdır. Səbrli olmaq lazımdır. Hədəfimizi bilirik və o hədəfə çatmaq üçün, ehtiyatla, addım-addım hərəkət etməliyik. Bu yolda da bir-birimizə six şəkildə sarılmağımız lazımdır”.









