Press "Enter" to skip to content

AK Partidəki bir qanad MHP-ni hədəfə alıb

Hasan Öztürk

Son yeniləmə: 2 May 2024 12:49

Hasan Öztürk: “Cumhur İttifakı” dağılarsa, AK Parti parlamentdəki çoxluğunu itirəcək

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdən sonra cərəyan edən proseslər nə qədər maraqlı olsa da, bir o qədər də narahatlıq doğurur. Bu da seçkilərdən sonra AK Parti daxilində bəzi arzuolunmaz, həm “Cumhur İttifakı”nın, həm də bütövlükdə Türkiyə Cümhuriyyətinin gələcəyinə təhlükə törədən fikirlərin səsləndirilməsi ilə bağlıdır. Elə Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürkün bir müddət əvvəl qələmə aldığı köşə yazısında da bu məqamın üzərində xüsusi dayanılmışdı.

Batının və FETÖ-nün növbəti hədəfi “Cumhur İttifakı”dır

Qeyd edək ki, BAYRAQDAR MEDİA olaraq H.Öztürklə əlaqə saxlayıb, son durumla bağlı özəl dəyərləndirmə aldıq. Həmi dəyərləndirməyə keçməzdən öncə vurğulayaq ki, bu gün, yəni mayın 2-də Cümhurbaşqanı Recep Tayyip Erdoğanla CHP sədri Özgür Özel arasında görüş olacaq. Görüş yerli vaxtla saat 16.00-da AK Partinin mərkəzi qərargahında keçiriləcək.

Yerli seçkilərdən sonra Türkiyə siyasətində bir canlanma müşahidə edilir

Beləliklə, açıqlamasına bu görüşə aparan prosesi dəyərləndirməklə başlayan H.Öztürk deyib ki, yerli seçkilərdən sonra Türkiyə siyasətində bir canlanma müşahidə edilir: “Xüsusilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərliyi və ya kadrları ilə yeni konstitusiya üzərində işləməyə başladığı görünür. Lakin bu yeni konstitusiya ilə bağlı atılan addımlar ilə siyasətdə qütbləşmə prosesinin başqa məqama çevrildiyini də görürük. Bu fəallıq isə seçki sonrası CHP lideri Özgür Özelin “Biz qələbədən sərxoş olmayacağıq. Biz necə qalib gəldiyimizi bilirik, baş verənlərdən xəbərdarıq”deyərək, Recep Tayyip Erdoğandan görüş üçün randevu istəyəcəyini bəyan etməsi ilə başladı”.

Vurğulanıb ki, daha sonra aprelin 23-də parlamentdə Ö.Özelin digər partiya liderləri ilə birlikdə Cümhurbaşqanı ilə görüşməsi Türkiyə siyasətində yumşalma mühiti yaratdı: “Cümhurbaşqanı R.T.Erdoğan da on ay əvvəl ona verilən iqtidarın on ay sonra keçirilən yerli seçkilərdə tarazlaşdırıldığının fərqindədir. Dolayısı ilə burada dialoq qapısı açılıb”.

Qurultayda AK Partidə ciddi dəyişikliklər gözlənilir

H.Öztürk burada bir məqamı qeyd etməyin vacib olduğunu deyib: “Yerli seçkilərdən sonra xüsusilə AK Parti daxilində seçkinin nəticələrinə görə məsuliyyəti başqasının üzərinə qoymaq istəyənlər var. Ancaq bunu da Cümhurbaşqanı R.T.Erdoğanın gördüyünün fərqindəyiq. Onun 2024-cü ilin oktyabrında keçiriləcək qurultaydan əvvəl və qurultay zamanı AK Partidə ciddi dəyişikliklər edəcəyinə də işarələr var”.

Bunun Türkiyə üçün faydalı olduğunu düşünmürük

Müsahibimiz bildirib ki, bu gün AK Parti və MHP-nin qurduğu “Cumhur İttifakı” parlamentdə çoxluqdadı: “Ancaq AK Parti daxilindəki bir qanadın “MHP ilə birlikdə olmağa məcburuqmu” deyərək, başqa bir ittifaqa, məsələn, CHP və İYİ Partiyə yaxınlaşmaq, MHP-dən uzaqlaşmaq üçün səy göstərdiyini görürük. O ki qaldı “Cumhur İttifakı”nın dağılmasının Türkiyənin xeyrinə olub-olmamasına, əvvəllər həmişə dediyimiz bir cümlə var – “Cumhur İttifakı” Cümhurbaşqanının meşrutiyetininin təməl nöqtəsidir. Çünki R.T.Erdoğan məhz “Cumhur İttifakı” ilə birlikdə 52 faiz səs aldı. Əgər “Cumhur İttifakı” dağılarsa, AK Parti-MHP ittifaqı sona çatarsa, AK Parti parlamentdəki çoxluğunu itirəcək. Dolayısı ilə R.T.Erdoğan hakimiyyətinin parlamentdəki dayaqları zəifləyə bilər. Bunun isə Türkiyə üçün faydalı olduğunu düşünmürük”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.