BAYRAQDAR MEDİA – Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat təşkil olunacaq. 14-17 may tarixlərində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Şahmat Federasiyasından daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycan çempionatda həm kişilər, həm də qadınların yarışında mübarizə aparacaq. Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcək. Komandanın kapitanı Qədir Hüseynov olacaq. Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib”.
Ardınca xəbərdə, “turnir çərçivəsində eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U16 turnirində Azərbaycanı kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova təmsil edəcək. Reqlamentə əsasən 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz