Qasım-Jomart Toqayev “Qazaxıstan Respublikasının orta təhsil sistemində süni intellektin tətbiqi üzrə tədbirlər haqqında” Fərman imzalayıb
BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanda süni intellektlə bağlı mühühm addım atılıb. Belə ki, Prezident Qasım-Jomart Toqayev “Qazaxıstan Respublikasının orta təhsil sistemində süni intellektin tətbiqi üzrə tədbirlər haqqında” Fərman imzalayıb.
Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, fərmanın əsas məqsədi süni intellektin sürətli inkişafı şəraitində Qazaxıstan Respublikasının dayanıqlı inkişafını təmin etmək, eləcə də insan kapitalının əsas elementi kimi müasir və innovativ təhsil sisteminin formalaşdırılması üçün şərait yaratmaqdır: “Fərmana uyğun olaraq, 1 iyul 2026-cı il tarixinədək Hökumət tərəfindən 2026–2029-cu illəri əhatə edən və süni intellektin orta təhsil sisteminə geniş tətbiqini nəzərdə tutan Kompleks Tədbirlər Planı təsdiqlənəcək. Bu plan fərdiləşdirilmiş təhsil mexanizminin yaradılması, rəqəmsal infrastrukturun formalaşdırılması, pedaqoji kadrların hazırlanması və şagirdlərin şəxsi məlumatlarının qorunmasını əhatə edir”.
Fərmanda Süni İntellektin İnkişafı Şurasının üzvü Li Kay-Funun tövsiyələrinin praktik fəaliyyətdə istifadə olunması, həmçinin Hökumət tərəfindən 1 iyun 2026-cı il tarixinədək orta təhsil sahəsində pilot layihənin həyata keçirilməsi və sonradan genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi nəzərdə tutulur. Bu yeniliklər şəhər və kənd məktəbləri arasında təhsilin keyfiyyəti baxımından mövcud fərqin azaldılmasına yönəlib.
1 avqust 2026-cı il tarixinədək pilot layihə çərçivəsində məktəblərin texniki təchizatının, o cümlədən sabit və yüksək sürətli internetlə təmin olunmasının həyata keçirilməsi planlaşdırılır.
1 sentyabr 2026-cı il tarixinədək orta təhsil sistemində süni intellektin tətbiqi standartları təsdiqlənəcək.
Həmçinin 1 sentyabr 2026-cı il tarixinədək pedaqoqların fasiləsiz peşəkar inkişafını nəzərdə tutan və süni intellekt texnologiyalarının müəllimlərin peşə fəaliyyətinə zərər vermədən və onu əvəz etmədən əlavə effektiv vasitə kimi tədris prosesində istifadəsini təmin edən tədbirlər planı qəbul ediləcək.






İlk şərhi yaza bilərsiniz