Press "Enter" to skip to content

Bu, KKTC üçün son dərəcə önəmli və tarixi addımdır

Okyay Sadıkoğlu: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda iştirak etməkdən böyük qürur duyuruq

BAYRAQDAR MEDİA – “Kuzey Kıbrıs Tanıtım Platforması olaraq Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda iştirak etməkdən böyük qürur duyuruq. Daha əvvəl birincisində də iştirak etdiyimiz bu əhəmiyyətli tədbirdə Azərbaycan dövləti və hökumət rəsmiləri tərəfindən bizə göstərilən isti münasibət və səmimi qonaqpərvərlik bizim üçün olduqca dəyərlidir. Qardaşlıq ruhu çərçivəsində yenidən bu platformada yer almaq və öz töhfəmizi vermək bizim üçün ayrıca sevinc mənbəyidir”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Kuzey Kıbrıs Tanıtım Platformasının başqanı Okyay Sadıkoğlu deyib.

O, “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) də türk dünyası daxilində, eyni çətir altında yer alması xalqımızın yüz ildən artıq müddətdə davam etdirdiyi milli kimlik və varoluş mübarizəsinin mühüm nəticəsi və təntənəsidir. Bu hadisə ölkəmiz və xalqımız adına son dərəcə önəmli və tarixi addımdır” – deyə qeyd edib.

O.Sadıkoğlu türk dövlətlərinin bir araya gəlməsində xidməti olan liderlərə minnətdarlıq borclarının olduğunu bəyan edib: “Türk dövlətləri birliyi vizyonunun formalaşması və güclənməsində böyük xidmətləri olan mərhum Heydər Əliyevi rəhmət və minnətdarlıqla anırıq. Həmçinin prezidentlər – Recep Tayyip Erdoğana və İlham Əliyevə KKTC-yə göstərdikləri güclü dəstəyə görə təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu əsr türk millətinin əsri olacaqdır”.

O.Sadıkoğlu 2025-ci ildə TDT-yə üzv ölkələrin QHT Platformasının yaradılmasının mühüm hadisə olduğunu deyib: “Belə təşkilatlar sayəsində birliyimiz və həmrəyliyimiz daha da möhkəmlənir, ortaq milli-mədəni dəyərlərimiz dost və qardaş ölkələr arasında daha güclü bağlarla yaşadılır. Həyata keçirəcəyimiz fəaliyyətlərlə xalqımıza, xüsusilə də gənclərimizə yeni üfüqlər və güclü gələcək vizyonu qazandırmağı qarşıya məqsəd qoymuşuq. Unudulmamalıdır ki, elm, ticarət, sənaye və texnologiya sahələrində dünyaya yenidən möhür vuracaq xalq Türk milləti olacaqdır. Bu münasibətlə forumun təşkilində əməyi olan bütün tərəfdaşlara, xüsusilə Azərbaycan dövlətinə və Azərbaycanın lideri cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, KKTC-dən gələn qardaşları olaraq hörmət və sevgilərimizi çatdırırıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.