BAYRAQDAR MEDİA – Bakıda səfərdə olan Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushi, İqtisadiyyat və Davamlı İnkişaf Komissiyasının sədri akademik Anastas Angjeli, Xarici əlaqələr və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elda Zotaj Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nümayəndə heyətini AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev və Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri Dos. Esmira Əlirzayeva müşayiət ediblər. Qonaqları qarşılayan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib. Direktor MEK-in tarixi, fəaliyyət istiqamətləri və zəngin kitab fondları, son dövrlərdə burada aparılan elektron islahatlar haqqında məlumat verərək qonaqları kitabxana ilə yaxından tanış olmağa dəvət edib. MEK-lə tanışlıq Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların, qazilərin və Milli Qəhrəmanların xatirəsini əbədiləşdirən, kitabxana sistemində ilk və unikal olan Qarabağ müharibəsi qəhrəmanları fondundan başlayıb. H.Hüseynov bildirib ki, fondda Birinci Qarabağ müharibəsinə, 44 günlük Vətən müharibəsinə, eləcə də antiterror tədbirlərinə həsr olunmuş rəsmi sənədlər, kitablar, qəzet və jurnal materialları, qəhrəmanlarımızın döyüş yolunu əks etdirən fotolar, şəxsi əşyalar və onların xatirəsinə həsr edilmiş əsərlər sistemli şəkildə toplanır”.
Sonra xəbərdə, “daha sonra MEK-də fəaliyyət göstərən Diplomatik Fondla tanış olan qonaqlara bildirilib ki, burada xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatlar tərəfindən kitabxanaya hədiyyə olunmuş qiymətli nəşrlər, həmçinin müxtəlif ölkələrin mədəniyyət guşələri cəmləşdirilib. Ziyarətçilərə, həmçinin Nadir kitablar fondunda mühafizə olunan qiymətli nəşrlər də nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycan kitabxana sistemində XVI əsrə aid ən qədim kitab məhz bu fondda qorunur. Buradakı ən iri kitab – 1893-cü ildə Londonda ingilis dilində nəşr olunmuş “Ərdəbil məscidinin müqəddəs xalçaları”, eləcə də fondun ən miniatür kitabı hesab edilən Yanka Kupalanın “Şeirlər” məcmuəsi, üzəri firuzə qaşlarla bəzədilmiş, kənarları qızıl suyuna salınmış və dəridən hazırlanmış nəfis tərtibatlı nəşr xarici qonaqların xüsusi marağına səbəb olub” deyə bildirilir.
Xəbərdə eləcə də qeyd olunur ki, “MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin zəngin irsini və Azərbaycan dövlətçiliyinin inkişaf tarixini əks etdirən nəşrlərlə tanış olub, S.Gjinushi Xatirə kitabına ürək sözlərini yazıb. O, MEK-də qorunan zəngin elmi və mədəni irsin yüksək təəssürat yaratdığını, kitabxananın müasir fəaliyyəti və fondlarının diqqətəlayiq olduğunu bildirib. Sonda MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən hazırlanan “Heydər Əliyevin aforizmləri” adlı audiodisk nümayəndə heyətinə hədiyyə olunub”.






İlk şərhi yaza bilərsiniz