Bakıda Qırğızıstan Ticarət Evi açılır
BAYRAQDAR MEDİA – İyulun 23-də Bakıda fəaliyyət göstərən Türk Ticarət Mərkəzində “Dostluq Karvanı” adlı tədbir təşkil olunacaq. Tədbir çərçivəsində Qırğızıstan Ticarət Evinin rəsmi açılışı olacaq.
Türk Ticarət Mərkəzindən verilən məlumata görə, tədbir Qırğızıstan Sənaye və Ticarət Palatası, Kyrgyz Export, Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə əməkdaşlığı ilə keçiriləcək: “Tədbirin əsas hadisəsi Qırğızıstan Ticarət Evinin rəsmi açılışı olacaq. Yeni ticarət evi ilboyu – 365 gün fəaliyyət göstərəcək və Azərbaycan istehlakçılarının Qırğızıstan mənşəli məhsullara fasiləsiz çıxışını təmin edəcək”.
Məlumata görə, layihənin əsas məqsədi Qırğızıstan istehsalçıları ilə Azərbaycan bazarı arasında birbaşa əməkdaşlığı genişləndirmək, iki ölkə arasında ticarət və iqtisadi əlaqələri daha da möhkəmləndirməkdir: “Qırğızıstanın iri istehsalçı və ixracatçı şirkətlərinin bu layihəyə qoşulması, məhsullarını Azərbaycan bazarında təqdim etməsi və əməkdaşlıq imkanlarından yararlanması üçün müraciətlərin Kyrgyz Export vasitəsilə qəbul ediləcəyi bildirilib. Qırğızıstan Ticarət Evində təbii məhsullar, sənaye məhsulları, tekstil, qida məhsulları, əl işləri və digər müxtəlif məhsul qruplarının nümayişi və satışı nəzərdə tutulur”.
Təşkilatçılar bildirirlər ki, bu təşəbbüs Qırğızıstan və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, biznes dairələri arasında yeni tərəfdaşlıqların qurulmasına və Türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verəcək.










İlk şərhi yaza bilərsiniz