BAYRAQDAR MEDİA – Türkiyənin mühüm kənd təsərrüfatı mərkəzlərindən biri olan Iğdırda bu il erkən məhsul yığımı əvvəlki illərlə müqayisədə daha erkən başlayıb. Bölgənin nümunəvi fermerlərindən olan Alican Açkan ötən il iyul ayının ilk həftəsində həyata keçirdiyi qarpız yığımını bu il müasir becərmə üsullarının tətbiqi sayəsində iyunun 29-na çəkə bilib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Oba kəndində yerləşən Alican Açkanın qarpız sahəsində keçirilən ilk məhsul yığımı mərasimində Iğdır valisi M. Fırat Taşolar və digər rəsmi şəxslər iştirak ediblər: “Nümunəvi fermer Alican Açkan bildirib ki, Iğdırda istehsala Adana ilə müqayisədə cəmi 10 gün fərqlə başlayıblar. Iğdır İl Kənd Təsərrüfatı və Meşə İdarəsinin müdiri Ahmet Tingiş isə bildirib ki, hazırda vilayətdə təxminən 7 min dekarlıq sahədə qarpız becərilir”.
Iğdırlı sahibkarlar da məhsul yığımında iştirak edərək ilk qarpızları alıb satış piştaxtalarında nümayiş etdirəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, Iğdır qarpızı özünəməxsus dadı və ətri ilə alıcıların böyük rəğbətini qazanır.
Məhsul yığımından sonra toplanan qarpızlar rəsmi şəxslərin iştirakı ilə yük avtomobilinə yüklənərək bazara göndərilib.






İlk şərhi yaza bilərsiniz