BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) hər ayın ilk iki iş günündə təşkil olunan ənənəvi “Açıq qapı” günlərinə həsr olunmuş videoçarx hazırlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “videoçarxda ziyarətçilərə “Açıq qapı” günləri çərçivəsində təqdim olunan imkanlar nümayiş etdirilir. Kitabsevərlər bu günlərdə MEK-in zəngin kitab fondu, müasir oxu zalları, elektron kataloq və digər xidmətləri ilə yaxından tanış ola, sərgiləri ziyarət edə, həmçinin kitabxananın müxtəlif fondları və şöbələri haqqında ətraflı məlumat əldə edə bilərlər. Layihənin əsas məqsədi cəmiyyətdə mütaliə mədəniyyətini təşviq etmək, kitabxananın elmi informasiya resurslarının əlçatanlığını genişləndirmək və vətəndaşların MEK-in xidmətlərindən daha səmərəli istifadə etmələrinə şərait yaratmaqdır”.
Qeyd edək ki, növbəti “Açıq qapı” günləri 1–2 iyul tarixlərində keçiriləcək. Bu günlərdə kitabxanaya giriş sərbəstdir. Ziyarətçilərdən kitabxanaya daxil olarkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.






İlk şərhi yaza bilərsiniz