BAYRAQDAR MEDİA – “Türk Dünyası Həftəsi” çərçivəsində iyunun 29-da Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “BDU-nun rektoru Elçin Babayev çıxış edərək “Türk Dünyası Həftəsi”nin əhəmiyyətini vurğulayıb, təşkilatçı qurumalara təşəkkürünü bildirib. Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, yüz il öncə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqları arasında mədəni və elmi yaxınlaşmanın ideya əsaslarını möhkəmləndirərək gələcək əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyənləşdirib. “Müasir dövrdə Türk dünyası yeni inkişaf mərhələsini yaşayır. Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir” deyə nazir müavini bildirib”.
Daha sonra xəbərdə, “Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Milli Universitetinin rektoru Prof. Janseyit Tuymebayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər çıxış ediblər. Qeyd olunub ki, Birinci Türkoloji Qurultay türk xalqlarının zəngin elmi-ədəbi və tarixi mirasının öyrənilməsi sahəsində mühüm istiqamətlərin müəyyənləşdirilməsində müstəsna rol oynayıb” deyə diqqətə çatdırılır.
Xəbərdə eləcə də qeyd edilir ki, “sonra konfrans işini “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” mövzusunda panel sessiya ilə davam etdirib. BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlının (Osmanoğlu) moderatorluğu ilə keçirilən sessiyada Qazaxıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şerubay Kurmanbayulı, Qırğızıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musayev, Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Prof. Mahirə Hüseynova və Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri Prof. Məhərrəm Məmmədov çıxış edib, mövzu üzrə fikirlərini bölüşüblər. Sessiyada türk xalqlarının mədəni və elmi inteqrasiyasının aktual məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb”.






İlk şərhi yaza bilərsiniz