BAYRAQDAR MEDİA – “Hazırda yenidən formalaşan dünya düzənində aparıcı aktor olmaq uğrunda dövlətlər və dövlətlərin təmsil olunduğu birliklər, ittifaqlar arasında ciddi mübarizə və rəqabət gedir. Bu prosesdə Türk dünyasının vahid qurumu kimi Türk Dövlətləri Təşkilatının ön sıraya çıxması həm sevindiricidir, həm də alqışlanmalıdır.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Nadir Azəri bildirib ki, Türk Dövlətləri Təşkilatı hər ötən gün daha da inkişaf edir, formalaşır və öz sıralarını daha da möhkəmləndirir. Onun sözlərinə görə, TDT-nin TDT+ formatının yaradılması ilə bağlı qəbul etdiyi qərar da mühüm əhəmiyyət daşıyır: “TDT+” formatı üzv olmayan dövlətlər üçün təşkilatla əməkdaşlıq platforması rolunu oynayacaq. Bu, qapalı və ya hərbi blok deyil, əksinə iqtisadi, logistika, nəqliyyat, enerji və rəqəmsal əməkdaşlığa yönəlmiş tərəfdaşlıq modelidir. Bu format həm Güney Qafqaz, həm də digər regionlar baxımından mühüm əhəmiyyət kəsb edir”.
O əlavə edib ki, Avropa və Asiyanın bəzi ölkələri də gələcəkdə bu formata qoşula bilərlər.
Nadir Azəri daha bir mühüm məqama toxunaraq bildirib ki, TDT+ formatında dünyanın müxtəlif bölgələrində yaşayan, lakin ayrıca dövləti olmayan türk toplumlarının da təmsilçiliyi məsələsinə baxıla bilər.
O xatırladıb ki, İraq Türkmən Cəbhəsinin lideri, İraq parlamentinin üzvü Ərşad Salihi dünyanın müxtəlif yerlərində yaşayan və dövləti olmayan türk toplumlarının Türk Dövlətləri Təşkilatı çərçivəsində təmsil olunması ilə bağlı təşəbbüs irəli sürüb: “Mən bunu vaxtın səslənmiş və TDT-nin, o cümlədən türk dünyasının gələcəyi üçün vacib təşəbbüs kimi dəyərləndirirəm. Hesab edirəm ki, dünyanın müxtəlif yerlərində yaşayan, özünü tarixi və mənəvi baxımdan türk kimliyinə bağlı hesab edən toplumların da müəyyən formatda TDT+ formatı çərçivəsində təmsil olunması türk dünyasının əlaqələrinin daha da genişlənməsinə xidmət edə bilər”.






İlk şərhi yaza bilərsiniz