Press "Enter" to skip to content

Nəhəng göbələklər təbiətdə ecazkar mənzərə yaradıb

BAYRAQDAR MEDİA – Türkiyənin Qars vilayətinin Susuz rayonuna bağlı Bendivan yaylasında son günlər yağan yağışlardan sonra çoxlu sayda göbələyin yetişməsi bölgəni əsl təbiət tamaşasına çevirib. Yağıntılardan sonra yaylada sürətlə artan göbələklər əraziyə gələnlərin diqqətini cəlb edib. Xüsusilə iri papaqları ilə seçilən göbələklər nəhəng çətirləri xatırladan görünüşü ilə təbiətsevərlərin marağına səbəb olub.

Bu barədə karshakimiyet.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, yaylanın otlaq və çəmənlik sahələrində bitən göbələklər qeyri-adi böyüklükləri ilə görənləri heyrətləndirir: “Ərazini sanki iri şlyapalar kimi bürüyən ağ göbələklər həm təbiətsevərlər, həm də fotoqraflar üçün unikal görüntülər yaradır. Təbiətin bu bəxş etdiyi neməti toplamaq üçün səbətlərini götürərək yaylaya üz tutan kənd sakinləri bildiriblər ki, hər il bu mövsümdə göbələk yığımı aparılsa da, bu il yağıntıların bol olması məhsuldarlığı xeyli artırıb”.

Məlumata əsasən, yaylanın müxtəlif nöqtələrində qrup halında bitən göbələklər yaşıl təbiət mənzərəsi ilə vəhdət təşkil edərək kartpostal gözəlliyində görüntülər yaradıb. Ziyarətçilər bu mənzərəni mobil telefonları ilə lentə alaraq əbədiləşdiriblər.

Sakinlərin sözlərinə görə, göbələklər hər il müəyyən dövrlərdə yetişir. Lakin bu il yağıntıların bol olması onların sayının əvvəlki illərlə müqayisədə daha çox olmasına səbəb olub. Təbii gözəllikləri ilə tanınan Bendivan yaylası bu dəfə də nəhəng göbələklərin yaratdığı möhtəşəm mənzərə ilə ziyarətçilərinə unudulmaz təbiət təcrübəsi təqdim edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.