Birol Akgün: Özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən FETÖ təkcə Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir
BAYRAQDAR MEDİA – Bakıda 15 İyul – Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümünə həsr olunmuş “İradə bizim, zəfər bizim” adlı tədbir keçirilib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediləməsi və hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün geniş çıxış edib.

Diplomat çıxışında bildirib ki, “bu gün FETÖ terror təşkilatının xalqın seçdiyi Hökumətə, Qazi Məclisə və birbaşa millətimizin iradəsinə qarşı törətdiyi xain dövlət çevrilişi cəhdinin onuncu ildönümündə bir araya gəlmişik. Həmin qaranlıq gecədə Vətəni uğrunda canından keçərək şəhid olan 251 Vətən övladını dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm.
2016-cı il iyulun 15-də dövlətimizin ən həssas qurumlarına sızmış xain bir şəbəkə konstitusiya quruluşunu devirmək və ölkəmizi xaosa sürükləmək məqsədi güdmüşdür”.
FETÖ təkcə təbliğatla deyil, məkrli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır
Səfir bildirib ki, özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən bu beynəlxalq cinayət təşkilatı təkcə Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir: “Son dövrlərdə təşkilat daxilindən yayılan yeni ifşalar da bu qaranlıq və destruktiv quruluşun əsl simasını bir daha açıq şəkildə ortaya qoymuşdur. FETÖ təkcə təbliğatla deyil, məkrli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır”.

Diplomat qeyd edib ki, bu quruluşun hədəfi yalnız Türkiyə deyil: “Xüsusilə xaricdə dost görkəmi altında cəmiyyətlərə sızmağa, nüfuz qazanmağa və çirkin məqsədlərinə xidmət edən fəaliyyətlərini davam etdirməyə çalışırlar. Buna görə də hamımız hər zaman ayıq-sayıq olmalıyıq”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycan dövlətinə və xalqına dərin minnətdarlığımızı bildiririk”
Səfir başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin və xalqının həmin gün qardaş Türkiyənin yanında olduğunu bəyan edib: “15 iyul dövlət çevrilişi cəhdini ilk andan etibarən qətiyyətlə pisləyən və ölkəmizin yanında yer alan Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycan dövlətinə və xalqına dərin minnətdarlığımızı bildiririk. Həmin gecə nümayiş etdirdikləri qəti mövqe, eləcə də sonrakı dövrdə dövlət qurumları arasında ən yüksək səviyyədə əməkdaşlıq sayəsində “Bir millət, iki dövlət” prinsipi bir daha təsdiq olundu. Buna görə bütün Azərbaycan rəsmilərinə təşəkkürümüzü ifadə edirik”.

Diplomat onu da vurğulayıb ki, xainlərin hesablaya bilmədiyi ən böyük güc türk millətinin sarsılmaz iradəsi oldu: “15 iyul gecəsi cəmiyyətin bütün təbəqələri ölkəsinə, bayrağına və demokratiyasına sahib çıxmaq üçün vahid məqsəd ətrafında birləşdi. Milli iradənin təcəssümü olan Türkiyə Böyük Millət Məclisini bombalayan terrorçulara ən qəti cavabı tankların qarşısını çılpaq əlləri ilə kəsən xalqımız verdi. 15 iyul Cümhurbaşqanı Receb Tayyip Erdoğanın rəhbərliyi altında demokratiyanın, milli iradənin və müstəqilliyinə vurğun bir millətin şanlı zəfəridir. Türkiyə Cümhuriyyəti beynəlxalq hüquqdan irəli gələn hüquqları əsasında dövlət-xalq birliyi ilə bu məkrli terror təşkilatına qarşı ölkə daxilində və xaricdə apardığı uzunmüddətli mübarizəni qətiyyətlə davam etdirəcəkdir. Xaricdə fəaliyyət göstərən nümayəndəliklər olaraq biz də bu təhlükəni bütün dünyaya anlatmaqda davam edəcəyik”.
Çıxışda həmçinin “15 iyul qəhrəmanları canları bahasına sübut etdilər ki, türk milləti müstəqilliyinə yönəlmiş daxili və xarici heç bir təhdid qarşısında əsla təslim olmayacaq. Bu mənalı gündə demokratiya və müstəqillik uğrunda mübarizə aparan əziz millətimizin hər bir nümayəndəsinə səmimi təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Hər birinizi dərin hörmət və ehtiramla salamlayıram”, – deyə qeyd olunub.
Daha sonra Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar və digər natiqlər çıxış ediblər.
Sonra Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının Demokratiya və Milli Birlik Gününə həsr etdiyi videoçarx nümayiş olunub.
Sonda şəhidlərin ruhuna dualar oxunub, sərgi ilə tanışlıq olub.










İlk şərhi yaza bilərsiniz