BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri bütün istiqamətlərdə olduğu kimi, iqtisadi və ticari sahədə də yeni mərhələyə qədəm qoyur. İki qardaş ölkənin dövlət başçılarının müəyyən etdiyi hədəflər qarşılıqlı ticarətin genişləndirilməsini, investisiyaların artırılmasını və biznes dairələri arasında daha sıx əməkdaşlığın qurulmasını zəruri edir. Bu baxımdan Türkiyə şirkətlərinin Azərbaycanda yeni layihələrə imza atması və fəaliyyətlərini genişləndirməsi xüsusi əhəmiyyət daşıyır”
Bu fikirləri “Fullamoda” şirkətinin yeni filialının açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün səsləndirib.
Səfir bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri yalnız “bir millət, iki dövlət” şüarı ilə ifadə olunan mənəvi qardaşlıqdan ibarət deyil. Bu qardaşlıq eyni zamanda sahibkarların, investorların və iş dünyasının həyata keçirdiyi real layihələr vasitəsilə möhkəmlənir.
Səfir diqqətə çatdırıb ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu mühüm strateji hədəflərdən biri iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı 8 milyard dollarlıq səviyyədən 15 milyard dollara çatdırılmasıdır. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün sahibkarların birgə təşəbbüslərinə, qarşılıqlı ticarətə və ortaq investisiya layihələrinə daha böyük dəstək verilməlidir.
“Bu hədəfə yalnız belə sahibkarları birlikdə dəstəkləməklə nail olmaq mümkündür. Biz Türkiyənin səfirliyi olaraq burada həm qardaşlığımızı vurğulayırıq, həm də iş dünyasının, iş adamlarımızın, sahibkarlarımızın və investorlarımızın daha böyük səylər göstərməsini, birgə təşəbbüslərə, qarşılıqlı ticarətə və ortaq investisiyalara daha çox önəm verməsini istəyirik”, – deyə səfir qeyd edib.
Birol Akgün Türkiyə sənayesinin və türk sahibkarlarının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərməsinin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, Qarabağdan Bakıya, Bakıdan Naxçıvana qədər müxtəlif bölgələrdə Türkiyə istehsalı olan keyfiyyətli məhsulların Azərbaycan bazarına təqdim edilməsi iki ölkənin iqtisadi əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.
Səfir xüsusilə tekstil sektorunda əməkdaşlığın genişləndirilməsini müsbət qiymətləndirərək, Türkiyə brendlərinin Azərbaycan bazarında fəaliyyətinin həm istehlakçılar, həm də iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.










İlk şərhi yaza bilərsiniz