BAYRAQDAR MEDİA – “Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi hər bir yeni layihə yalnız iqtisadi göstəricilərlə ölçülmür. Belə təşəbbüslər eyni zamanda yeni iş yerlərinin yaradılması, insanların məşğulluğunun təmin olunması və ailələrin sosial rifahına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan “Fullamoda”nın Azərbaycanda fəaliyyətini genişləndirməsi həm iqtisadi, həm də sosial baxımdan təqdirəlayiq addım kimi qiymətləndirilir”.
Bu fikirləri mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib.
Səfir qeyd edib ki, yeni mağazanın fəaliyyətə başlaması ilə 50 nəfərin işlə təmin olunması layihənin ən mühüm nəticələrindən biridir. Onun sözlərinə görə, yaradılan hər bir iş yeri bir insanın və onun ailəsinin rifahına birbaşa təsir göstərir.
“Hazırda 50 nəfər işlə təmin olunur. Bu isə 50 insanın öz evinə çörək aparması deməkdir. Bunun nə qədər böyük əhəmiyyət daşıdığını çalışan insanlar çox yaxşı bilirlər”, – deyə Birol Akgün vurğulayıb.
Səfir “Fullamoda”nın Azərbaycan bazarında uğur qazanmasını və fəaliyyətini uzun illər davam etdirməsini arzulayıb. O bildirib ki, yaradılmış tekstil brendi artıq öncül markalardan birinə çevrilib və öz konsepsiyası ilə fəaliyyətini uğurla davam etdirir.
Birol Akgün “Fullamoda”nın təqdim etdiyi məhsulların çeşidinə və qiymət siyasətinə də toxunub. O qeyd edib ki, mağazada uşaq geyimlərindən kişi geyimlərinə qədər geniş çeşiddə məhsullar təqdim olunur və bu məhsulların həm keyfiyyətli, həm də nisbətən əlçatan və büdcəyə uyğun olması mühüm üstünlükdür.
“Bizim ən böyük arzumuz bu mağazaların burada uğur qazanması, fəaliyyətinin xeyirli və uğurlu olması və uzun illər fəaliyyətini davam etdirməsidir. Yaradılmış ‘Fullamoda’ tekstil brendi bu mənada artıq öncül markalardan birinə çevrilib və öz konsepsiyası ilə fəaliyyətini davam etdirir”, – deyə səfir bildirib.
Birol Akgün vurğulayıb ki, bu kimi layihələr Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinin iqtisadi müstəvidə də daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, iki ölkə arasında qurulan hər bir yeni biznes əlaqəsi, həyata keçirilən hər bir investisiya layihəsi və yaradılan hər bir iş yeri ortaq rifahın formalaşmasına töhfə verir.






İlk şərhi yaza bilərsiniz