BAYRAQDAR MEDİA – Türk Büro-Sen Iğdır şöbəsinin sədri Aytaç Türkeli təşkilatın Ankara 2 saylı Maliyyə Şöbəsinin AR-GE Komissiyası tərəfindən hazırlanan Metsamor Atom Elektrik Stansiyası ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Hesabatda Ermənistan ərazisində yerləşən Metsamor AES-in Türkiyə sərhədindən təxminən 16 kilometr məsafədə olduğu, köhnə sovet texnologiyasından istifadə etdiyi və zəlzələ riski olan bölgədə yerləşdiyi diqqətə çatdırılır.
Bu barədə yesiligdir.com saytı məlumat yayıb.
Məlumata əsasən, sənəddə stansiyanın istismar müddətinin uzadılması, mümkün nüvə qəzasının Türkiyənin şərq vilayətlərinə və xüsusilə Iğdıra yarada biləcəyi risklər, sərhədyanı ekoloji təsirlər, kənd təsərrüfatı və heyvandarlığa mümkün zərərli nəticələr araşdırılıb: “Hesabatda Türkiyənin Beynəlxalq Atom Enerjisi Agentliyi, Avropa Birliyi və BMT Avropa İqtisadi Komissiyası çərçivəsində təşəbbüslərini artırması, sərhəd bölgəsində radiasiya üzrə erkən xəbərdarlıq və monitorinq sistemlərinin gücləndirilməsi tövsiyə olunur. Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ilin fevralında Metsamorun istismar müddətinin 2036-cı ilə qədər uzadılması prosesinin davam etdiyini, daha sonra isə müddətin 2046-cı ilədək artırılmasının mümkün olduğunu bildirib. Stansiya 1 aprel 2026-cı ildə istismar müddətinin uzadılması çərçivəsində təxminən beş aylıq texniki xidmət və modernləşdirmə işləri üçün fəaliyyətini dayandırıb”.
Aytaç Türkeli hesabatın hazırlanmasında əməyi olanlara təşəkkür edərək, Metsamor məsələsinin xüsusilə Iğdır və bölgə sakinləri baxımından diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb.
Hesabat müəllifləri araşdırmanın Türkiyənin sərhəd və ətraf mühit təhlükəsizliyi, eləcə də vətəndaşların həyat hüququ baxımından aidiyyəti qurumlara təqdim edilməsini təklif ediblər.






İlk şərhi yaza bilərsiniz