Press "Enter" to skip to content

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Son yeniləmə: 23 Sentyabr 2026

BAYRAQDAR MEDİA – Sentyabrın 18-i Azərbaycan peşəkar musiqisinin banisi, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) anadan olduğu gündür.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Üzeyir bəyin dünyaya göz açdığı 18 sentyabr tarixi Azərbaycanda hər il Milli Musiqi Günü kimi qeyd edilir. Əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmanla mədəniyyət təqvimimizə yazılıb. 2009-cu ildə isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir Hacıbəylinin adı ilə bağlı Beynəlxalq Musiqi Festivalının əsası qoyulub. Bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri Azərbaycana gətirən mötəbər musiqi bayramı bu il 18-ci dəfə gerçəkləşir. Beynəlxalq Musiqi Festivalının tədbirlər silsiləsi ənənəvi olaraq bu dəfə də I Fəxri xiyabanda Üzeyir bəyin və digər görkəmli mədəniyyət xadimlərinin məzarlarının ziyarət olunması mərasimi ilə başlayıb. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, türk respublikalarından bəstəkarlar ittifaqlarının rəhbərləri, tanınmış incəsənət xadimləri və Ü.Hacıbəyli festivalının xarici ölkələrdən gəlmiş təmsilçiləri iştirak ediblər”.

Daha sonra xəbərdə, “əvvəlcə mərasim iştirakçıları Azərbaycan mədəniyyətinin böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Ü.Hacıbəylinin məzarı üstünə çələng və tər çiçəklər düzülüb. A.Kərimli çıxış edərək Milli Musiqi Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Üzeyir bəyin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərini yada salan nazir bildirib ki, hələ sağlığında onun yaradıcılıq nümunələrinin şöhrəti ölkəmizin hüdudlarını aşıb. Qeyd olunub ki, H.Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Ü.Hacıbəyli irsinə daim qayğı ilə yanaşıb, bəstəkarın adının əbədiləşdirilməsi ilə bağlı tarixi qərarlar qəbul edilib. 18 sentyabrın Azərbaycan musiqisinin, mədəniyyətinin bayramı kimi qeyd olunması da Ulu Öndərin adı ilə bağlıdır. Nazir bildirib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə artıq 18-ci dəfədir Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi, bəstəkarın sənət incilərinin səhnələrdən düşməməsi onun bənzərsiz yaradıcılığı ilə əbədi yaşamaq haqqı qazandığını göstərir. Diqqətə çatdırılıb ki, zəngin proqramı olan builki festivalın tədbirləri Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəran şəhərlərini də əhatə edəcək. Eyni zamanda, bir sıra ölkələrdə də müxtəlif səpkili tədbirlər təşkil olunacaq” deyə vurğulanır.

F.Əlizadə, Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Serikjan Abdinurov, Ü.Hacıbəyli adına F.Bədəlbəyli çıxış edərək Ü.Hacıbəylinin yaradıcılığı, ictimai və pedaqoji fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Çıxışlardan sonra Fəxri xiyabanda Azərbaycan musiqi mədəniyyətinin digər korifey simalarından Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi, Rəşid Behbudov və Müslüm Maqomayevlərin də məzarları ziyarət olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.