Qurum yeni fəaliyyət dönəminə başlayıb
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən Qarabağ şəhidlərinin əziz xatirəsinə həsr olunan “Qarabağ Şəhidlərini Anım və Mövsümün Açılış Proqramı” keçirilib.
Bu barədə Dərnəkdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Eskişehirdə yaşayan azərbaycanlı icmasının üzvləri, həmyerlilər və digər qonaqlar iştirak ediblər. Proqram çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunub.
Çıxışlarda Vətən torpaqlarının müdafiəsi uğrunda şəhid olan qəhrəmanların göstərdiyi fədakarlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı vurğulanıb. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinə və yaxınlarına ehtiram göstərilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir, eyni zamanda, Eskişehir Azərbaycanlılar Dərnəyinin yeni iş və fəaliyyət mövsümünün açılışı ilə əlamətdar olub. Yeni mövsümdə cəmiyyət tərəfindən Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni dəyərlərin yaşadılması, həmvətənlər arasında birlik və həmrəyliyin daha da gücləndirilməsi istiqamətində müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Proqram iştirakçılar arasında səmimi fikir mübadiləsi və birlik ab-havası ilə davam edib. Təşkilatçılar yeni fəaliyyət dövrünün daha çox layihə və təşəbbüslərlə yadda qalacağına əminliklərini ifadə ediblər.
Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbərliyi tədbirdə iştirak edən bütün həmyerlilərə və qonaqlara təşəkkürünü bildirib, yeni mövsümün birlik, həmrəylik və uğurlu layihələrlə yadda qalmasını arzulayıb.
Qeyd olunub ki, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək.





