BAYRAQDAR MEDİA – İstanbulda fəaliyyət göstərən Halkalı Fen Bilimleri Merkezinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə əziz şəhidlərin anısına həsr olunmuş tədbir keçirilib.
Təşkilatçılardan verilən məlumata görə, tədbiri Mərkəzin rəhbəri Taner Korhan açıq elan edib. Öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş əziz şəhidlərin anısına sayğı duruşu olub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, MHP-nin Kiçikçəkməcə rayon təşkilatının başqanı Ekrem Sarısoy, Türk Dənizçilik və Qlobal Strategiyalar Mərkəzi (TÜRKDEGS) Mərkəzinin hərbi eksperti, ehtiyatda olan polkovnik, qazi Akif Qasımov, “Qızıl Aypara” Cəmiyyətinin Kiçikçəkməcə təşkilatının başqanı Doğan Şeyda, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği; ASİMDER) Mərmərə bölgəsi üzrə başqanı Əli Gülbəy, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, tədbir keçirilən mərkəzin şagirdləri və digər dəvətli qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Akif Qasımov qardaş xalqlarımız arasında tarixən mövcud olan sarsılmaz dostluq, qonşuluq, birlik münasibətlərindən danışıb. O, Çanaqqala savaşından Sakarya Meydan Savaşı və Böyük Hücuma, Qafqaz İslam Ordusunun Bakının azad olunmasındakı tarixi missiyasına qədər qardaşların çiyin-çiyinə mübarizə ənənəsindən söz açıb.
Akif Qasımov 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının, dövlətinin və ordusunun birliyinin, əzminin, qəhrəmanlığının nəticəsi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığın, xalqın sarsılmaz həmrəyliyinin Zəfərin qazanılmasında həlledici rol oynadığını vurğulayıb.
Daha sonra Millət vəkili Şamil Ayrım çıxış edib. O, Türkiyə–Azərbaycan Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu bildirərək, bu birliyə xələl gətirməyə yönələn cəhdlərin nəticəsiz qalacağını bildirib.
Şamil Ayrım Qarabağ Zəfərinin qazanılmasında Prezident Əliyevlə Prezident Ərdoğan arasında mövcud olan möhkəm dostluq, qardaşlıq münasibətlərinin, Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyinin, eləcə də Azərbaycan ordusunun yüksək döyüş ruhunun önəm daşıdığını vurğulayıb.
Millət vəkili hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa işlərindən, şəhər və kəndlərin yenidən qurulmasından, yolların və digər infrastrukturun yaradılmasından, eləcə də azad edilmiş ərazilərin minalardan təmizlənməsi yönündə görülən işlərdən danışıb. Çıxışının sonunda Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən parçalar söyləyən Ayrım, şəhidlərin ruhuna dualar edib, qazilərə möhkəm cansağlığı arzulayıb.
Tədbirdə çıxış edən MHP-nin Kiçikçəkməcə rayon təşkilatının rəhbəri Əkrəm Sarısoy da Qarabağın işğal altında olduğu illərdə Azərbaycan torpaqlarının azad ediləcəyi günü böyük ümidlə gözlədiklərini bildirib. Bu tarixi arzunun Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin şücaəti, şəhidlərin canı və qanı bahasına gerçəkləşdiyini vurğulayıb.
“Qızıl Aypara” Cəmiyyətinin Kiçikçəkməcə təşkilatının rəhbəri Doğan Şeyda Vətən müharibəsində şəhid olmuş azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyib, qardaş xalqlarımız arasında mövcud olan əbədi və əvəzsiz dostluq münasibətlərinin tarixi önəmidən danışıb.
Tədbirdə müəllim Elnarə Fətullayeva Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərdən, şəhid analarının yüksək mənəvi dözümündən söz açaraq, tədbir iştirakçılarının onlara sayğı və minnətdarlığını çatdırıb.
Sonda tədbir keçirilən mərkəzinin şagirdi Mühəmməd Korxan (Muhammet Korhan) şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış edib.
Tədbirin təşkilinə, şəhidlərimizin əziz xatirəsinin Türkiyədə yaşadılmasına, eləcə də qardaş xalqlar arasında dostluq və birlik münasibətlərinin daha da möhkəmləndirilməsi yönündə göstərdiyi davamlı fəaliyyətə görə Mərkəz rəhbəri Tanər Korxana təşəkkür ifadə olunub.






İlk şərhi yaza bilərsiniz