BAYRAQDAR MEDİA – Sentyabrın 29-da Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Dünya Bankının nümayəndələri arasında görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin, eləcə də suvarma və drenaj sektorunda xidmətlərin səmərəliliyinin artırılmasını hədəfləyən “Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər layihə çərçivəsində KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rolu və fəaliyyət istiqamətləri, layihə komponentlərinin əhatə dairəsi, maliyyələşdirmə məsələləri, layihənin icra olunacağı coğrafi ərazilər və hədəf benefisiarlar barədə fikir mübadiləsi aparıblar”.
Daha sonra xəbərdə, “kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətləri barədə Dünya Bankının nümayəndələrinə məlumat verib. Nazir müavini aqrar sektorun rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının artırılması, müasir maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də kənd təsərrüfatının inkişafına xidmət edən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib” deyə diqqətə çatdırılır.
Sonda CRAIS layihəsinin növbəti mərhələləri, nəzərdə tutulan tədbirlərin icra qrafiki və tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.





İlk şərhi yaza bilərsiniz